Naxçıvan Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyat ixtisasının tələbələrinə ustad dərs keçirilib

        Naxçıvan Dövlət Universitetində Azərbaycan dilçilik kafedrasının təşkilatçılığı ilə ustad dərs keçirilib. Ustad dərsini Lefke Avropa Universitetinin Türkoloq alimi, Nazim Muradov keçib. Dərsdə Tarix-filologiya fakültəsinin müəllim və tələbələri iştirak edib.  

Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Arif Ağalarov, ustad dərsin əhəmiyyətini vurğulayaraq, belə görüşlərin tələbələrin elmi biliklərini genişləndirmək və peşəkar inkişaflarına töhfə vermək baxımından mühüm olduğunu qeyd edib. O, Türkologiya sahəsində nüfuzlu alim Nazim Muradovun təcrübəsini bölüşməsinin tələbələr üçün böyük imkan yaradacağını nəzərə çatdırıb.

Türkoloq, alim Nazim Muradov ustad dərsində çıxış edərək Naxçıvanın görkəmli şairi Məmməd Arazın yaradıcılığından bəhs edib. O, xüsusilə şairin "Dünya sənin, dünya mənim, dünya heç kimin" şeirinə diqqət yetirərək onun fəlsəfi məzmununu və insanın dünya ilə olan mənəvi əlaqəsini tələbələrə izah edib. Nazim Muradov qeyd edib ki, bu əsər təkcə şəxsi düşüncələr deyil, eyni zamanda həyatın müvəqqəti xarakteri və insan təbiətinin universallığı haqqında dərin mesajlar ehtiva edir. Şeirin təhlili zamanı o, tələbələri poetik ifadələr üzərində düşünməyə və şairin yaradıcılığını daha dərindən öyrənməyə təşviq edib. Türkoloq alim, Naxçıvanda ədəbiyyatın inkişafı, onun tarixi kökləri və çağdaş vəziyyəti ilə bağlı maraqlı fikirlər irəli sürüb. Ustad Naxçıvanın zəngin ədəbi ənənələri, xüsusilə də klassik ədiblərin, şairlərin və müasir yazıçıların yaradıcılığını diqqətə çatdırıb.

Dərsdə iştirak edən Naxçıvan Dövlət Universitetinin filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimli Naxçıvanın ədəbi mühitinin inkişafından, klassik və müasir ədəbiyyatın vəhdətindən bəhs edib.

Dərsin sonunda tələbələr Naxçıvanın görkəmli şairi Məmməd Arazın şeirlərini səsləndiriblər.