Naxçıvan Dövlət Universitetində I kurs tələbələri ilə görüş keçirilib

Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev professor-müəllim heyətini və tələbələri təbrik edib, yeni dərs ilində hər kəsə elmi nailiyyətlər azru edib. Rektor diqqətə çatdırıb ki, bu il də universitetdə elmin təntənəsi sayılan yeni tədris ili yüksək əhval-ruhiyyə ilə qarşılanıb. Qeyd olunub ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlərin həlli istiqamətində mütəmadi işlər görülür. Belə ki, dünyanın nüfuzlu ali məktəbləri arasında əməkdaşlıqların güclənməsi, birgə proqramların təşkil olunması, həmçinin universitetlərdə yeni məzmunlu proqramların tətbiqi üzrə layihələr həyata keçirilir. Bildrilib ki, universitetin nəzdində Tibb Kampusunun yaradılması və  Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbinin fəaliyyətə başlaması Dövlət Proqramının səmərəli icrasının nəticəsidir.

Vurğulanıb ki, 2023-2024-cü tədris ili universitet tarixində bir çox uğurlarla yadda qalıb, yeni tədris ilində isə qarşıda daha böyük işlər dayanır. Rektor qeyd edib ki, təhsilə göstərilən yüksək dövlət qayğısının nəticəsində universitetin maddi-texniki bazası hər il gücləndirilir, yeni tədris korpusları istifadəyə verilir və ali təhsil ocağının beynəlxalq əlaqələri genişləndirilir. Diqqətə çatdırılıb ki, 2024-2025-ci tədris ilində ali təhsil ocağına qəbul olunan  tələbələrdən 41 nəfər 600-700 intervalında bal toplayıb. Bildirilib ki,  2024-2025 tədris ilində  dövlət sifarişli ixtisaslara qəbul 44 faiz təşkil edib. Bundan başqa universitetdə 23 ölkə üzrə tələbə qəbulu həyata keçirilib. Elbrus İsayev tələbəyönümlü profili ilə daim tələbələrin yanında olan Naxçıvan Dövlət Universitetində təhsilalanlar üçün yaradılan şəraitdən bəhs edib.  

Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasının I kurs tələbəsi Nəsrin Əliyeva, Tibb ixtisası (ingilis dili üzrə) I kurs tələbəsi Nəzrin Məmmədova,  yüksək bal toplayan tələbənin valideyni İlkanə Məmmədova tələbələr üçün yaradılan fürsətlər, göstərilən diqqət üçün minnətdarlıqlarını ifadə ediblər.

Naxçıvan Dövlət Universitetinin nəzdində İngilis dili təmayüllü Gimnaziyada Bilik günü qeyd olunub.

Ali təhsil ocağının rektoru Elbrus İsayev “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” əsasında qurulan gimnaziyada şagirdlər üçün yaradılan şəraitdən bəhs edib. Diqqətə çatdırılıb ki, gimnaziyada 30 qız 30 oğlan olmaqla ümumilikdə 60 şagird təhsil alacaq.  Bildrilib ki, gimnaziyanın əsas missiyası multikultural dəyərlərə sahib, sosial ədaləti dəstəkləyən, savadlı, xarici dil bilikləri ilə gələcəyin peşəkar kadrları sırasında yer alan şagirdlər yetişdirməkdir. Rektor yeni tədris ilinin başlanması münasibətli müəllim və şagirdləri təbrik edib, bu yolda yeni uğur və müvəffəqiyyətlər arzu edib.

Naxçıvan Dövlət Universitetinin nəzdində İngilis dili təmayüllü Gimnaziyanın direktoru Nazim Rəhimov gimnaziyada yaradılan hərtərəfli şəraitə görə minnətdarlıq edib. Direktor gimnaziyada vətən üçün xeyirli şagirdlərin yetişdirilməsi yönündə səylə çalışacaqlarına əminlik ifadə edib.