Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən “İdeyanı Reallaşdır 2023” Gənclərin Fərdi Layihələr üzrə Qrant Müsabiqəsində Naxçıvan Dövlət Universitetinin əməkdaşı Salatın Məmmədovanın “Qərbi Azərbaycandan olan gənclərin Naxçıvan forumu” layihəsinin açılış mərasimi keçirilib.
Forum çərçivəsində iştirakçılar əvvəlcə Ulu Öndərin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Heydər Əliyev Muzeyində olan qonaqlara Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən eksponatlar haqqında məlumat verilib.
Forumun açılış mərsimində Ulu Öndər Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayıb, gənclər tərəfindən irəli sürülən təşəbbüsü yüksək qiymətləndirərək forumun işinə uğurlar arzulayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycanın 30 illik işğala son qoyması, 2023-cü il sentyabrın 19-20-də isə dövlət suverenliyinin tam təmin olunması vaxtilə Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının bərpası üçün də real imkanlar yaradıb. Vurğulanıb ki, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı və Qərbi Azərbaycan İcmasının birgə tərəfdaşlığı ilə keçirilən forum “Qərbi Azərbaycana qayıdış” festival-konqresi də daxil olmaqla ölkədə bu sahədə görülən işlərin tərkib hissəsidir. Rektor forumda aparılan müzakirələrin Qərbi Azərbaycan tarixinin öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini və yeni yanaşmaların ortaya qoyulacağına əminliyini bildirib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Prezident İlham Əliyevin “Qərbi Azərbaycana Qayıdış” Konsepsiyası çərçivəsində qarşıya qoyulan konkret vəzifələrdən eyni zamanda, bu istiqamətdə aparılan işlərdən bəhs edib. Natiq çıxışında Qərbi Azərbaycana qayıdışın Azərbaycan siyasətinin yeni xətti olduğunu nəzərə alaraq, gənclərin bu işdə məlumatlanmasının vacibliyini diqqətə çatdırıb. Bildirilib ki, bu, həm daxili, həm də xarici siyasətimizdə əsas hədəflərdən və prioritet məsələlərdən birinə çevrilib. Əziz Ələkbərli həmçinin Azərbaycan Prezidentinin bu məsələ ilə bağlı prinsipial mövqeyi, icmanın İnzibati binasını ziyarət etməsi, Qərbi Azərbaycan İcmasının üzvlərinin hüquqlarının bərpa olunmasına və onları doğma torpaqlarına qayıtmasına tam dəstəyini ifadə etməsi barədə məlumat verib.
Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvü, Amasiya rayon icmasının sədri, akademik Abel Məhərrəmov Qərbi Azərbaycanla bağlı mühüm tədbirlərin Naxçıvanda keçirilməsinin önəmini qeyd edib. Akademik çıxışında Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə geri qayıdışı ilə bağlı haqq-ədalətin öz yerini tapacağına inandığını bildirib. Qərbi Azərbaycanla bağlı tarixi faktları və statistik məlumatlara nəzər yetirən Abel Məhərrəmov bu istiqamətdə gəncləri fəal olmağa səsləyib və zəngin-mədəni irsimizin qorunub saxlanması yolunda əzmlə çalışmağın önəminə toxunub. Akademik bu baxımdan forumun Naxçıvan Dövlət Universitetində keçirilməsini təqdirəlayiq hesab edib.
Ardınca Abel Məhərrəmov müəllifi olduğu kitablardan universitetə hədiyyə edib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Məmmədov Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışının siyasi-hüquqi əsaslarından söz açaraq, son iki əsrdə erməni dövlət orqanlarının azərbaycanlılara qarşı sistemli şəkildə apardığı etnik təmizləmə, zorla köçürülmə, zorakılıq, kütləvi qırğın və soyqırımı siyasətindən danışıb.
Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan Muxtar Respublika filialının direktoru Arzu Qasımov Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən “İdeyanı Reallaşdır 2023” Gənclərin Fərdi Layihələr üzrə Qrant Müsabiqəsinin əhəmiyyətindən bəhs edib. Diqqətə çatdırılıb ki, gənc nəslin intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, innovativ ideyalarının reallaşdırılmasına yönəlmiş layihələrin dəstəklənməsi dövlət gənclər siyasətinin icrasına xidmət edir.
Naxçıvan Dövlət Universitetinin əməkdaşı, layihə rəhbəri Salatın Məmmədova bu kimi təşəbbüslərin reallaşmasında göstərilən diqqətə görə minnətdarlıq edib.
Sonra Qərbi azərbaycanlı gənclərin ifasında Qərbi Azərbaycan rəqsləri nümayiş edilib.
Forum panel müzakirələrlə işini davam etdirib. Qərbi Azərbaycanın mədəni irsinin təşviqi və təbliği, Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolu, Qərbi Azərbaycana qayıdış hüquqi aspektdə mövzularında professor Hikmət Məmmədov, akademik Abel Məhərrəmov, Naxçıvan Dövlət Universitetinin dosenti Gülxarə Əhmədova, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri səlahiyyətlərini müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov, Naxçıvan şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyeva, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət şöbəsinin rəisi Səttar Zamanovun çıxışları forum iştirakçıları tərəfindən maraqla dinlənilib.
Sonda forum iştirakçıları sertifikatla təltif edilib.