Naxçıvan Dövlət Universitetində “Yeni Nəsil Hibrid Təhlükəsizlik Həlləri” mövzusunda təlim keçirilib

Naxçıvan Dövlət Universitetinin Magistratura və Doktorantura Mərkəzində “Yeni Nəsil Hibrid Təhlükəsizlik Həlləri” mövzusunda maarifləndirici təlim təşkil olunub. Təlimi universitetin İT şöbəsinin müdiri Hüseyn Əsgərli keçib.

Texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə təhlükəsizlik sistemlərinin modernləşdirilməsi və hibrid yanaşmaların tətbiqi mövzularını əhatə edən bu tədbir geniş iştirakçı kütləsi tərəfindən maraqla qarşılanıb. Təlimdə, xüsusilə, hibrid təhlükəsizlik sistemlərinin əsas prinsipləri, müasir texnologiyalarla inteqrasiya olunmuş həllər və bu sahədə beynəlxalq təcrübələr barədə ətraflı məlumat verilib.

Hüseyn Əsgərli iştirakçılara hibrid təhlükəsizlik sistemlərinin üstünlükləri, effektivliyi və tətbiq sahələri barədə məlumat verərək real nümunələr üzərindən izahatlar təqdim edib. Təlim interaktiv formatda keçib və iştirakçılar suallarını verərək praktik biliklər əldə ediblər.

Belə tədbirlərin tələbə və magistrlar üçün texnoloji yeniliklərə dair məlumatlılığın artırılması baxımından böyük əhəmiyyət daşıdığı vurğulanıb.