Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İstanbul Cerrahpaşa Universiteti, Ağrı İbrahim Çeçen Universiteti və Bakı Dövlət Universitetinin nəzdində Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma” (The 9th International Conference on Control and Optimization with Industrial Applications) mövzusunda 9-cu beynəlxalq elmi konfrans (COIA-2024) avqustun 27-də Türkiyədə, İstanbul Cerrahpaşa Universitetində hibrid formatda öz işinə başlayıb.
Konfransın açılışında Türkiyə Böyük Millət Məclisinin millət vəkili Şamil Ayrım, İstanbul Cerrahpaşa Universitetinin rektor yardımcısı professor Erol İncə, “Katoder” şirkətinin rəhbəri Sabiha Gül Doğan, konfransın təşkilat komitəsinin həmsədrləri akademik Fikrət Əliyev və Ahmet Ocak Akdemir çıxış etdilər.
Daha sonra dəvətli məruzəçi Milano Texniki Universitetinin professoru Patrisio Kolaneri məruzə etdi. Məruzə konfrans iştirakçılarının böyük marağına səbəb oldu. Sonra canlı və online iclaslar öz işini davam etdirdi.
Ənənəvi olaraq təşkil olunan və 3 gün davam edəcək tədbirdə idarəetmə və optimallaşdırma sahəsində dünyanın müxtəlif ölkələrindən olan alim və mütəxəssislər bir araya toplanaraq, idarəetmə nəzəriyyəsi, optimallaşdırma, intellektual sistemlər, qeyri-səlis idarəetmə, hesablama metodları, şəbəkə və telekommunikasiya, riyazi modelləşdirmə və simulyasiya, sənaye və iqtisadiyyatda tətbiqlər, identifikasiya və digər mövzular ətrafında müzakirələr aparacaqdır .
Tədbirdə dünyanın 30-dan artıq ölkəsindən 200-dən çox riyaziyyatcı alim və ekspert, o cümlədən optimal və idarəetmə sahəsində çalışan 7 dəvətli məruzəçi iştirak edir. Həmçinin Naxçıvan Dövlət Universitetinin 5 nəfərdən ibarət nümayəndə heyəti universitetimizi təmsil edir.
Konfransda Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin dekanı, proferssor Cavanşir Zeynalov, dosent Məftun Əliyev, dosent Validə Hacıyeva, baş müəllim İlham Süleymanov, İnformasiya texnologiyaları ixtisası üzrə IV kurs tələbəsi Şəhriyar Quliyev iştirak ediblər.
COIA-2024 ilk dəfə olaraq IEEE Türkiyə Bölməsindən texniki cəhətdən dəstəklənir. Qəbul edilmiş məqalələr IEEE Xplore-a daxil olmaq üçün təqdim ediləcək. Həmçinin qəbul edilmiş və konfransda məruzə edilən bütün məqalələr Web of Science: Conference Proceedings Citation Index bazasında indekslənmək üçün təqdim olunacaq.