Naxçıvan Dövlət Universitetinin nəzdində İngilis dili Təmayüllü Gimnaziyanının ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarında yüksək nəticə göstərən şagirdlərinə fərqlənmə attestatları təqdim olunub.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Gimnaziyanın direktoru Nazim Rəhimov qeyd edib ki, 2023-2024-cü tədris ilində gimnaziyada 159 şagird təhsil alıb. Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarında ümumilikdə 60 şagird iştirak edib, onlardan 52 nəfəri 220-300 intervalında bal toplayaraq yüksək nəticə göstəriblər. Bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında Azərbaycan dili, Riyaziyyat, İngilis dili olmaqla 3 fənnin hər birindən 75 bal toplayan şagirdlər fərqlənmə attestatına layiq görülüb.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, ölkədə aparılan uğurlu təhsil siyasətinin nəticəsi kimi savadlı gənclərin yetişməsi, onların sağlam mühitdə böyüyüb, düzgün istiqamətləndirilməsi üçün hər cür şərait yaradılıb. Bütün bunların nəticəsi olaraq gimnaziyanın şagirdləri bu il keçirilən 9-cu siniflərin buraxılış imtahanlarında ən yüksək nəticə göstərərək muxtar respublika üzrə ilk sırada yer alıblar. Belə ki, ümumi göstəricinin 50%-ni təşkil edən 30 şagird uğurlu nəticə göstərərək ümumi orta təhsil haqqında fərqlənmə attestatına sahib olublar. Qeyd olunub ki, 2022-2023-cü tədris ilində bu say 11 nəfər yəni 33% təşkil edib. Rektor diqqətə çatdırıb ki, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbi Kembric Məktəbi statusu alması ingilisdilli kadrların hazırlanmasında əsas baza rolunu oynayacaq. Elbrus İsayev şagirdləri və bu yolda onlara dəstək olan müəllimləri təbrik edib, təhsil həyatında uğurlar arzulayıb.
Daha sonra rektor şagirdlərin suallarını cavablandırıb.
Sonra Gimnaziyanın ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarında yüksək nəticə göstərən şagirdlərinə fərqlənmə attestatları və universitetin hədiyyələri təqdim olunub.