Naxçıvan Dövlət Universitetində metodik vəsaitin təqdimatı keçirilib

Naxçıvan Dövlət Universiteti Elmi kitabxanasında pedaqogika üzrə fəlsəfə doktoru, dosent Taleh Xəlilov və Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublikası Kitabxanasının əməkdaşı Surə Vəliyevanın həmmüəllifi olduqları “Təhsil müəssisələrinin təkmilləşdirilməsində pedaqoji monitorinqin rolu” adlı metodik vəsaitin təqdimatı keçirilib.

Naxçıvan Dövlət Universitetinin elm və innovasiyalar üzrə prorektoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov qarşıya qoyulan yeni hədəflər barədə danışaraq, təhsil sahəsində kitab təqdimatlarının prioritet istiqamətə çevrildiyini vurğulayıb. Qeyd edilib ki, “Bu istiqamətdə davamlı işlər görüləcək və metodik vəsaitlər həm tələbələr, həm də müəllimlər üçün geniş imkanlar yaradacaq. Yeni resurslar tədris prosesini daha keyfiyyətli və səmərəli təşkil etməyə şərait yaradacaq." Prorektor əlavə edib ki, gələcəkdə təhsilin keyfiyyətini artırmaq üçün metodik resurslar mühüm rol oynayacaq, bu da həm təhsilalanların uğurlarına, həm də müəllim heyətinin peşəkarlığının yüksəlməsinə töhfə verəcək.

”Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev qeyd edib ki, pedaqoji monitorinq yalnız müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi deyil, eyni zamanda təhsil prosesinin gücləndirilməsi və tədrisin keyfiyyətinin yüksəldilməsi üçün vacib mexanizmdir.

Naxçıvan Dövlət Universitetinin pedaqogika üzrə elmlər doktoru, professor Zərövşən Babayeva metodik vəsaitdə tədris prosesinin pedaqoji monitorinqi sahəsində təhsil müəssisəsinin təkmilləşdirilməsi məsələlərinə həsr olunduğunu qeyd edib. Nəzərə çatdırılıb ki, vəsait ali məktəb tələbələri, magistrlər, doktorant, dissertant və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublikası Kitabxanasının Elmi işlər üzrə direktor müavini Yeganə Səfərova əməkdaşları, kitabın həmmüəllifi Surə Vəliyevaya gələcək fəaliyyətində uğurlar arzulayıb. O, metodik vəsaitin təhsil prosesinə dəyərli töhfə verəcəyini,  müəlliflərin uğurlu əməkdaşlıqlarının davamlı olacağına inamını qeyd edib.

Çıxış edənlər həmmüəllifləri təbrik edərək onlara uğurlar arzu ediblər.

Sonda, müəlliflər göstərilən diqqətə görə öz minnətdarlıqlarını bildiriblər.