“Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın siyasi tarixində rolu" beynəlxalq konfransı bölmə iclasları ilə davam edib

         Xəbər verdiyimiz kimi "Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın siyasi tarixində rolu" beynəlxalq konfransı keçirilib. Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən konfrans, onlayn və üz-üzə bölmə iclasları ilə işini davam etdirib.

Konfransda Heydər Əliyev və Naxçıvan, humanitar, ictimai  və təbiət elmləri başlıqları altında 120-ə yaxın mövzu ilə 6 bölmədə maraqlı çıxışlar dinlənilib.

NDU-nun Magistratura və doktorantura mərkəzinin akt zalında  keçirilən A və B salonlarındakı bölmə iclaslarında “Muxtariyyət  dövründə Naxçıvan şairlərinin yaradıcılığında milli-mənəvi dəyərlərin təbliği, “Naxçıvanın fərqli əsrlərdə yaşamış iki multiinstrumentalçı sənətkarı”, “Naxçıvan səfərnaməsi: məkanın mədəni-tarixi obrazı”, “Muxtariyyət dövründə Naxçıvanda mədəniyyət” və “Naxçıvan Muxtar Respublikası areal dilçilikdə”, “Azərbaycan-Türk mədəniyyəti ocağı-Naxçıvan”, “Naxçıvan İkinci Dünya müharibəsi illərində” , “Naxçıvan Muxtar Respublikasının hüquqi statusunun əsasları” və bir çox mövzular barədə məruzəçilər çıxış ediblər.

Universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin C və D salonlarında keçirilən  bölmə iclaslarında “Ümummilli Lider Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının yaranmasının əhəmiyyəti”, “Ümummilli Lider Heydər Əliyev və MR-də tarixçi kadrların hazırlanması” və “Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı (1991-1995)” bundan başqa “Heydər Əliyev və musiqi sabahımız” və digər əhəmiyyətli  mövzuların təqdimatı olub.

Ali təhsil ocağının Baytarlıq təbabəti kafedrasında isə “Naxçıvan Muxtar Respublikasının təbiəti”, “Qlobal iqlim dəyişkənliyi və Naxçıvan MR biomüxtəlifliyinin kritik problemləri” kimi mövzular ətrafında məqalə və tezislər dinlənilib.

Qeyd edək ki, 2 gün davam edən konfrans Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan İqtisadiyyat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Türkiyənin Ağrı İbrahim Çeçen Universiteti, Qafqaz Universiteti və İğdır Universitetlərinin tərəfdaşlığı ilə keçirilib.