Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında universitetin “Azərbaycan dilçiliyi” kafedrasının müəllimləri və tələbələrin iştirakı ilə dəyirmi masa təşkil edilib.
Kitabxananın direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova ana dilinin milli kimliyin əsas göstəricisi olduğunu vurğulayıb. Dilin qorunması və inkişafının hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirib, universitetdə bu istiqamətdə görülən işlərdən bəhs edib.
Universitetin “Azərbaycan dilçiliyi” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elburus Vəliyev, filologiya üzrə fəlsəfə doktoru, dosentlər Arifə Zeynalova və Arzu Abbasova ana dilinin önəmi, onun milli kimliyin formalaşmasındakı rolu və qorunmasının vacibliyi barədə fikirlərini bölüşüblər. Azərbaycan dilinin zənginliyini və tarixi inkişaf yolunu vurğulayaraq, gənclərin dilə düzgün yanaşmasının əhəmiyyətini qeyd ediblər. Eyni zamanda tədbirdə ana dilinin qorunması və təbliği istiqamətində universitetdə aparılan elmi və pedaqoji fəaliyyətin önəmi də müzakirə olunub.
Müzakirələrlə davam edən tədbirdə sonda “Ana dili milli varlığımızdır” sərgisinə baxış olub.