NDU-da ARI Beynəlxalq Təhsil  Mərkəzi infosessiya keçirib

 

Naxçıvan Dövlət Universiteti və ARI Beynəlxalq Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisəsində infosessiya təşkil olunub. Tədbirdə universitetin müəllimləri və əcnəbi tələbələri iştirak ediblər.

Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə çıxışında ingilis, fransız, ərəb, fars və rus dillərində təhsillə yanaşı, alman dilində də tədrisin aparılmasının vacibliyini, xüsusilə tibb ixtisası üzrə təhsil alan tələbələr üçün bu sahənin əhəmiyyətini vurğulayıb. O, Xarici dillər fakültəsinin “Roman-german dilləri” kafedrasının nəzdində Alman dili mərkəzinin fəaliyyət göstərdiyini və tələbələrin bu imkanlardan faydalanmasının önəmini qeyd edib.

ARI Beynəlxalq Təhsil Mərkəzinin direktoru İnarə Əliyeva, əvvəlcə Beynəlxalq Dil Mərkəzi, daha sonra isə “ARI” Beynəlxalq Təhsil Mərkəzi adı ilə 15 illik fəaliyyət tarixindən bəhs edib. O, tələbələrə alman dili, onun səviyyələri, sertifikatları, bu dili öyrənməyin üstünlükləri, yarada biləcəyi təhsil və karyera imkanları haqqında geniş məlumat verib.  Qeyd olunub ki, mərkəz alman dili üzrə beynəlxalq imtahan statusuna malik olan ÖSD və TELC imtahanlarının Azərbaycandakı yeganə rəsmi nümayəndəsidir.

İnteraktiv şəkildə keçirilən sessiyada tələbələrlə fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb və təklifləri dinlənilib.