Naxçıvan Dövlət Universitetində 5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə geniş tədbir təşkil olunub.
Əvvəlcə universitetin Xarici dillər, Pedaqoji, İncəsənət, Tarix-filologiya, Beynəlxalq münasibətlər və hüquq, Fizika-riyaziyyat, Təbiətşünaslıq, Memarlıq və mühəndislik, Tibb fakültələrinin, eləcə də NDU nəzdində fəaliyyət göstərən İngilisdilli Gimnaziya, Tibb Kolleci, Texniki Kollec və Musiqi Kollecinin tələbələrinin parad düzülüşü keçirilib.
Universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov iştirakçıları əlamətdar gün münasibətilə təbrik edib. İdmanın gənclərin sağlam həyat tərzi və mənəvi-psixoloji inkişafında mühüm rol oynadığını vurğulayaraq, tələbələrin Azərbaycan Respublika birinciliyində və Olimpiada üzrə müxtəlif idman yarışlarında qazandıqları uğurlardan bəhs edib. Prorektor ölkəmizdə idmana göstərilən xüsusi diqqət və qayğının, həmçinin Prezident İlham Əliyevin bu sahədə imzaladığı fərman və sərəncamların ölkənin idman potensialının inkişafına böyük töhfə verdiyini bildirib.
Universitetin İdman Klubunun sədri Məmmədəli Rəhimov hər il tələbələr arasında müxtəlif idman yarışlarının təşkil olunduğunu qeyd edib. Bu tədbirlərin tələbələrin fiziki hazırlığını artırmaq, idmana marağını yüksəltmək və sağlam həyat tərzini təşviq etmək məqsədi daşıdığını söyləyib.
Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi Qafar Hüseynov çıxış edərək karate-do idman növü üzrə Azərbaycan, Bolqarıstan, Türkiyə, Gürcüstan və İranda keçirilən bir sıra turnirlərdə, eləcə də ölkə səviyyəli yarışlarda qazandığı uğurlardan danışıb. Daha sonra universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov əlamətdar gün münasibətilə Qafar Hüseynova idman sahəsində əldə etdiyi nailiyyətlərə görə təşəkkürnamə təqdim edib.
Tədbir çərçivəsində tələbələr milli güləş, cüdo, karate, boks, badminton, mini futbol və şahmat kimi idman növləri üzrə nümunəvi çıxışlar ediblər. Daha sonra XVI Universiadanın açılış mərasimi keçirilib və Tibb fakültəsi ilə Pedaqoji fakültənin qız tələbələri arasında voleybol yarışı təşkil olunub.