NDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub

  Naxçıvan Dövlət Universitetinin “Azərbaycan dilçiliyi” kafedrasının təşkilatçılığı ilə 21 Fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Nicat Yaqubov, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Nicat Yaqubov tədbirdə çıxış edərək Beynəlxalq Ana Dili Gününün tarixinin əhəmiyyətindən bəhs edib. O, dilin xalqın milli kimliyini və mədəni irsini qorumaqda əsas amillərdən biri olduğunu vurğulayıb. Nicat Yaqubov Azərbaycan dilinin dövlət dili statusunda inkişafı və qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb və universitetdə bu sahədə aparılan elmi tədqiqatların vacibliyini qeyd edib.

Universitetin filologiya elmləri doktoru, professor Sədaqət Həsənova dilimizin mənəvi kimliyimiz olduğunu vurğulayaraq qeyd edib ki, dünyada mövcud olan təxminən 7000 dildən cəmi 130-u bir milyondan çox insan tərəfindən danışılır. Milli dillərin sayı isə təqribən 70-dir. Azərbaycan dili isə 31 milyona yaxın insanın ana dilidir və dünyada nüfuzuna görə 20-25-ci yerlərdə qərarlaşır.

Dil və mədəniyyətin vəhdətindən bəhs edən universitetin “Azərbaycan dilçiliyi” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elbrus Vəliyev diqqətə çatdırıb ki, Beynəlxalq Ana Dili Günü 1999-cu ildə UNESCO tərəfindən təsis edilib və hər il 21 fevralda qeyd olunur. Bu gün 2000-ci ildən etibarən bütün dünyada qeyd olunmağa başlayıb.

Tədbirin sonunda tələbələrin bədii qiraətləri dinlənilib.