Ali təhsil ocağının Elmi Kitabxanasında universitetin tələbələrinin iştirakı ilə “Bütün dövrlərin vətəndaş şairi – Bəxtiyar Vahabzadə” mövzusunda dəyirmi masa təşkil edilib. Kitabxananın direktoru, filologiya üzrə fəlsəfə doktoru Xumar Məmmədova “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2025-ci il tarixli Sərəncamını diqqətə çatdırıb. NDU-da şairlərin yaradıcılığının daim xatırlandığını, bu yöndə tədbirlərin keçirildiyini bildirən direktor, bu cür görüşlərin tələbələrin ədəbi irsə marağını artırmaqla yanaşı, onların vətənpərvərlik ruhunu gücləndirdiyini vurğulayıb. Xumar Məmmədova dramaturq, pedaqoq və ictimai xadim Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatına və mədəniyyətinə verdiyi misilsiz töhfələrdən söz açıb.
Universitetin “Azərbaycan dilçiliyi” kafedrasının filologiya üzrə fəlsəfə doktoru, dosenti Qənirə Əsgərova görkəmli ədəbiyyatşünas şairin publisistik məqalələrində və poeziyasında dil mövzusunu daim ön planda tutduğunu qeyd edib. “Azərbaycan ədəbiyyatı” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva isə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Çıxışçılar şairin seçilmiş şeirlərini səsləndirərək onların üzərində ədəbi təhlillər aparıblar.
Müzakirələrlə davam edən tədbir sonda Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunan sərgiyə baxışla yekunlaşıb.