NDU-da “Konstitusiya və Suverenlik: Milli müstəqilliyin təməl daşları” mövzusunda dəyirmi masa keçirilib

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin müəllim və tələbələrinin iştirakı ilə konstitusiya və suverenlik məsələlərinə həsr olunan dəyirmi masa təşkil edilib.

Elmi Kitabxananın direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova çıxış edərək vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi böyük əhəmiyyətə malikdir. Konstitusiyamız ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin rəmzidir və bu il Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarının möhkəmləndirilməsi, milli müstəqillik dəyərlərinin qorunması və konstitusiyanın əhəmiyyətinin cəmiyyətə daha geniş şəkildə çatdırılması baxımından daha yaddaqalan olacaq.

Universitetin “Beynəlxalq münasibətlər” kafedrasının müəllimi, siyasi elmlər üzrə dissertant Nazlı Yaqubova, suverenliyin dövlətin daxili və xarici siyasətini müstəqil müəyyənləşdirmək hüququ olduğunu, konstitusiyanın isə dövlətin idarəetmə sistemini və vətəndaş hüquqlarını tənzimləyən əsas qanun kimi çıxış etdiyini bildirib. Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsi və 1995-ci il noyabrın 12-də ilk konstitusiyasının qəbulu ilə milli müstəqilliyin təməl addımlarının atıldığını vurğulayıb. Nazlı Yaqubova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbədən də bəhs edərək, bu zəfərin dövlətimizin suverenliyini və ərazi bütövlüyünü möhkəmləndirdiyini qeyd edib.

Tədbir müzakirələr və sual-cavab sessiyası ilə davam edib.