NDU-da Memarlıq və mühəndislik fakültəsinin dekanı Cavanşir Zeynalovun 60 illik yubileyi qeyd olunub

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Elektronika və informasiya texnologiyaları” kafedrasının professoru Cavanşir Zeynalovun 60 illik yubileyi qeyd olunub. Tədbirdə universitetin rəhbər heyəti və professor-müəllimləri iştirak ediblər.

Universitetin rektoru Elbrus İsayev yubilyarı təbrik edərək, onun uzunillik elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndirib. Rektor vurğulayıb ki, professor Cavanşir Zeynalovun informasiya texnologiyaları sahəsində universitetin və xüsusilə müvafiq fakültənin inkişafında mühüm xidmətləri var. Gənc kadrların yetişdirilməsində və müasir tədris metodlarının tətbiqində fəal iştirak edib. Rektor fakültənin elmi potensialının artırılması, müasir texnologiyaların tədrisə inteqrasiyası və tələbələrin praktiki bacarıqlarının inkişaf etdirilməsi istiqamətində dəyərli tövsiyələr verib, gələcəkdə bu sahədə daha genişmiqyaslı layihələrin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Universitetin “Memarlıq” kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qənbərova, “Elektroenergetika mühəndisliyi” kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Məftun Əliyev, “Elektronika və informasiya texnologiyaları” kafedrasının müdiri, texnika üzrə fəlsəfə doktoru Hüseyn Qasımov, “Meliorasiya və ekologiya mühəndisliyi” kafedrasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Cabbar Nəcəfov, “Elektroenergetika mühəndisliyi” kafedrasının müəllimi, fizika üzrə fəlsəfə doktoru, dosent Validə Hacıyeva, eləcə də universitetin rəhbər heyəti çıxışlar ediblər. Natiqlər Cavanşir Zeynalovun informasiya texnologiyaları sahəsində apardığı tədqiqatların və rəhbərlik etdiyi layihələrin müasir dövrün tələblərinə cavab verdiyini vurğulayıb, tələbələrin elmi biliklərinin inkişafında, fakültənin elmi bazasının möhkəmləndirilməsində və universitetin innovativ potensialının artırılmasında professorun rolundan bəhs ediblər.   Yubilyara xatirə hədiyyələri təqdim edilib.

Daha sonra yubilyar göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirib və tədbir çay süfrəsi ətrafında davam edib.