NDU-da Milli Observatoriyanın nümayəndəsi tərəfindən növbəti təlim keçirilib

Naxçıvan Dövlət Universitetinin Magistratura və Doktorantura Mərkəzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlimlərin Təşkili və Koordinasiya Şöbəsinin baş məsləhətçisi Davud Sultanov universitet əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçib.

Universitetin İnsan Resursları və Hüquq Şöbəsinin müdiri Əziz Qasımov çıxış edərək, Milli Observatoriya ilə əməkdaşlıq çərçivəsində təşkil olunan təlimlərin əhəmiyyətindən bəhs edib. O, vurğulayıb ki, bu kimi tədbirlər universitet əməkdaşlarının peşəkar inkişafına töhfə verəcək.

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlimlərin Təşkili və Koordinasiya Şöbəsinin baş məsləhətçisi Davud Sultanov təlim zamanı stressin mahiyyəti, mərhələləri, əlamətləri, eləcə də insanlarla ünsiyyət zamanı yaranan gərginliyin azaldılması üçün istifadə olunan verbal və qeyri-verbal texnikalar barədə ətraflı məlumat verib. O, iştirakçılara streslə mübarizə yolları barədə suallar ünvanlayıb və mövzu ətrafında interaktiv müzakirələr aparılıb.