NDU-da “Nanohissəciklər fizikası” adlı dərs vəsaiti təqdim olunub

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Ümumi və nəzəri fizika” kafedrasının baş müəllimi Seyfəddin Cəfərov və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Əli Abbasovun həmmüəllifi olduğu “Nanohissəciklər fizikası” adlı dərs vəsaitinin təqdimatı keçirilib. Tədbirdə kafedranın müəllimləri və tələbələr iştirak ediblər.

Fizika-riyaziyyat fakültəsinin dekanı, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov giriş nitqində kitabın nanoölçülü strukturların təsnifatı və onların xassələrinin təhlilinə həsr olunduğunu vurğulayıb. O, dərs vəsaitinin bakalavr, magistr, doktorant və tədqiqatçılar üçün nəzərdə tutulduğunu bildirib.

Kitabın rəyçiləri, “Ümumi və nəzəri fizika” kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Billurə Hacıyeva, kafedranın dosenti, fizika üzrə fəlsəfə doktoru, Nailə Qardaşbəyova nanoelektronika ixtisasının tələbələri üçün bu vəsaitin əhəmiyyətindən söz açıblar. Kitabın 11 bölmə və müxtəlif yarımbölmələrdən ibarət olduğunu, nanostrukturlu materialların fiziki, mexaniki, istilik və digər xassələrində ölçü effektlərinin təsvir edildiyini qeyd ediblər.

Sonda həmmüəlliflər göstərilən diqqətə görə minnətdarlığını bildiriblər.