Naxçıvan Dövlət Universitetinin Baytarlıq fakültəsində Türkiyənin Qafqaz Universiteti Baytarlıq Fakültəsinin Cərrahiyyə kafedrasının professoru İsa Özaydın "Xırdabuynuzlu heyvanlarda yoluxucu ayaq xəstəliklərinin əhəmiyyəti və qorunma yolları" mövzusunda universitetin müəllim və tələbələri üçün təqdimatla çıxış edib.
NDU-nun Strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli professor haqqında bəhs edərək qeyd edib ki, ölkənin nüfuzlu universitetlərindən dəvət olunan xarici professorların universitetdə təlimlər keçməsi müəllim və tələbələrin peşəkar inkişafına mühüm töhfə verir. Bildirib ki, İsa Özaydın artıq 2 ildir ki, NDU ilə əməkdaşlıq edir, dərslər aparır və məqalələri yüksək impakt faktorlu beynəlxalq jurnallarda dərc olunur.
Qafqaz Universitetinin professoru İsa Özaydın xırdabuynuzlu heyvanlarda, xüsusilə qoyun və keçilərdə müşahidə edilən yoluxucu ayaq xəstəliklərinin növləri, bu xəstəliklərin heyvan sağlamlığına, məhsuldarlığına və təsərrüfata təsiri barədə ətraflı məlumat verib. O, ayaq-dırnaq nahiyəsinin anatomik və fizioloji xüsusiyyətləri, infeksiyaların yayılmasına səbəb olan amillər, eləcə də bakteriyal mənşəli xəstəliklər haqqında danışıb. Xəstəliklərin yayılmasının qarşısını almaq üçün gigiyenik şəraitin təmin olunması, təsərrüfatda müntəzəm dezinfeksiya işlərinin aparılmasının önəmini vurğulayıb.
Daha sonra Naxçıvan Dövlət Universiteti adından elmi fəaliyyətə və beynəlxalq əməkdaşlığa verdiyi töhfələrə görə professor İsa Özaydına təşəkkürnamə təqdim edilib.