Ali təhsil ocağının Elmi Kitabxanasında müəllimlərin, Xarici dil müəllimliyi ixtisasının tələbələrinin iştirakı ilə ingilis dilində Xocalı soyqrımına həsr olunan dəyirmi masa təşkil olunub. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elmi Kitabxananın direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova tədbiri giriş sözü ilə açaraq, Xocalı faciəsinin Azərbaycan tarixində dərin iz buraxan faciələrdən biri olduğunu vurğulayıb. O, tədbirin məqsədinin Xocalı həqiqətlərini ingilis dilində müzakirə edərək beynəlxalq ictimaiyyətə daha dolğun çatdırmaq olduğunu qeyd edib.
Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə ingilis dilində çıxış edərək Xocalı faciəsinin tarixi və onun beynəlxalq hüquq çərçivəsində soyqırım kimi tanınmasının vacibliyini vurğulayıb. O, faciənin gedişatına toxunaraq günahsız insanların qətlə yetirildiyini bildirib və Azərbaycanın ədalət uğrunda mübarizəsi nəticəsində torpaqların geri qaytarıldığını qeyd edib. Sonra gənclərin Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqda mühüm rol oynaya biləcəyini diqqətə çatdırıb.
Tələbə Gənclər Təşkilatının sədri Kamal Nağılı gənclərə tariximizi unutmamağı və Xocalı faciəsinin həqiqətlərini gələcək nəsillərə çatdırmağın vacibliyini vurğulayıb. O, bu cür tədbirlərin gənclərin milli şüurunun formalaşmasına və tarixi hadisələrə daha həssas yanaşmalarına töhfə verdiyini qeyd edib.
İngilis dilində müzakirələrlə davam edən tədbir iştirakçıların Xocalı soyqırımına həsr olunan sərgisinə baxışı ilə yekunlaşıb.