Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası və Azərbaycan Milli Elmlər Akademiyası arasında onlayn əməkdaşlıq görüşü keçirilib. Görüşdə NDU Elmi Kitabxanasının direktoru, əməkdaşları, eləcə də AMEA Mərkəzi Elmi Kitabxanasının rəhbərliyi – direktor, direktor müavinləri, şöbə müdirləri və elmi katib iştirak edib.
Görüşdə hər iki qurum arasında sıx əməkdaşlıq və tərəfdaşlıq imkanları müzakirə olunub.
NDU Elmi Kitabxanasının direktoru Xumar Məmmədova kitabxananın yaranması və fəaliyyəti haqqında məlumat verib. O, kitabxanada üç şəxsi fondun mövcud olduğunu və bu fondlar arasında AMEA-nın prezidenti İsa Həbibbəylinin şəxsi fondunun yer aldığını bildirib. Direktor lib.ndu.edu.az rəsmi saytından bəhs edərək, burada Azərbaycan və xarici dillərdə geniş kitab bazasına giriş imkanı olduğunu vurğulayıb. Həmçinin, kitabxanada 47 könüllü tələbənin fəaliyyət göstərdiyini və onların müxtəlif yeni layihələr həyata keçirdiyindən bəhs edib. Bu layihələr sırasında tələbələrin kitabları səsləndirərək audio formatda sayta yerləşdirilmələrinin xüsusi yer aldığını söyləyib. Onlayn əməkdaşlıq çərçivəsində Xumar Məmmədova AMEA nəşrlərinin və akademiyanın həqiqi və müxbir üzvlərinin əsərlərinin NDU Elmi Kitabxanasına göndərilməsi, elektron bazaya giriş imkanı verilməsi və kitab mübadiləsinin həyata keçirilməsi təkliflərini irəli sürüb.
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Hüseyn Hüseynov onlayn çıxış edərək, rəhbərlik etdiyi kitabxana haqqında məlumat verib və kitab mübadiləsinin əhəmiyyətindən danışıb. O, AMEA-nın nəşrlərinin Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasına göndəriləcəyini və “Naxçıvan Biblioqrafiyası”nın təqdimatının burada keçirilməsinin planlaşdırıldığını bildirib. Hüseyn Hüseynov eyni zamanda AMEA Mərkəzi Elmi Kitabxanasının təşkil etdiyi təlimlərə NDU Elmi Kitabxanasının cəlb olunmasını və bu təşəbbüslərin elmi biliklərin yayılmasına və kitabxanalararası əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəyini qeyd edib.