NDU-nun İdman Kompleksində Qızlar arasında badminton yarışı keçirilib

        8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Naxçıvanda fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin qız tələbələri arasında badminton birinciliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə "Unikal" Badminton Klubunun birgə təşkil etdiyi yarış Naxçıvan Dövlət Universitetinin dəstəyi ilə ali təhsil müəssisəsinin İdman Kompleksində reallaşıb.

Nəticələrə əsasən NDU tələbəsi Ferişdeh Abdulrezazadeh birinciliyin qalibi adına sahib çıxıb. Universitetin digər təmsilçilərindən Elvira Ovçuyeva ikinci, Duyğu Hüseynova isə üçüncü olub.

Mükafatlandırmada çıxış edən gənclər və idman naziri səlahiyyətlərini icra edən, nazir müavini Məcid Seyidov 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik və arzularını ifadə edib. Naxçıvanda qadınların idmana olan marağının yüksəlişindən, eyni zamanda qadın idmanının inkişafı istiqamətində görülən işlərdən bəhs edən nazir müavini qız idmançıların son illər əldə etdiyi nailiyyətlərin, artan uğurlarının sevindirici olduğunu diqqətə çatdırıb.