Naxçıvan Dövlət Universitetinin nəzdində İngilis dili Təmayüllü Gimnaziyada Naxçıvan Dövlət Universiteti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən “Məktəblilər üçün kibertəhlükəsizlik: rəqəmsal dünyadan təhlükəsiz istifadə" mövzusunda təlim keçirilib. Tədbirdə, müxtəlif yaş qruplarından olan məktəblilər iştirak ediblər. Təlimin məqsədinə uyğun olaraq şagirdlər rəqəmsal aləmdə kibertəhlükəsizlik, məlumatların qorunması, düzgün istifadə qaydaları və mahiyyəti haqqında məlumatlandırılıb.
Əvvəlcə Gimnaziyanın direktoru Nazim Rəhimov çıxış edərək qeyd edib ki, internetdə təhlükəsiz davranış, sosial media təhlükələri, şəxsi məlumatların qorunması və şəbəkə hücumlarına qarşı müdafiə günümüzün əsas tələbidir. Gənclərin özlərini və məlumatlarını onlayn aləmdə qorumağın yollarını öyrənməsi vacibdir.
Universitetin İnformasiya texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli bildirib ki, internetdən və texnologiyadan düzgün istifadə qaydalarını bilmək və kibertəhlükəsizlik qaydalarına riayət etmək olduqca vacibdir. Bu qaydalar sosial mediada sizə qarşı potensial təhlükələri öncədən müəyyən edərək qarşısını almağa kömək edir.
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Azərin Vəliyeva şəxsi məlumatların qorunması, şəbəkə hücumlarından qorunma yolları, sosial mühəndislik, güclü parollar və iki faktorlu doğrulama kimi kibertəhlükəsizlik anlayışları barədə məktəblilərə ətraflı məlumat verib. Həmçinin, məktəblilər sosial media təhlükəsizliyi, VPN istifadəsi, təhlükəli sayt və proqramların tanınması, rəqəmsal izlər və onlayn şəxsiyyətin qorunması mövzularında da gərəkli məlumatlara diqqət çəkib.
Təlimin sonunda iştirakçılar daha təhlükəsiz bir rəqəmsal təcrübə üçün lazım olan əsas bacarıqları əldə ediblər.