Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev IELTS Mərkəzinin yetirməsi Nuray Cabbarlını qəbul edib. Rektor ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi FLEX proqramının qalibi olması münasibətilə onu təbrik edib və gələcək təhsil həyatında uğurlar arzulayıb.
Rektor Elbrus İsayev qeyd edib ki, IELTS Mərkəzi Azərbaycan ali təhsil məkanında ilk dəfə olaraq NDU-da yaradılıb. 2022-ci ilin aprel ayından etibarən Britaniya Şurası və Naxçıvan Dövlət Universitetinin əməkdaşlığı ilə fəaliyyətə başlayıb. Fəaliyyətə başladığı vaxtdan etibarən mərkəzdə 250-dən çox namizəd imtahan verərək rəsmi IELTS sertifikatı alıb. Mərkəz Naxçıvan Muxtar Respublikasının sakinləri, yaşayış yeri və vətəndaşlığından asılı olmayaraq bütün namizədlər üçün rəsmi IELTS imtahanını əlçatan edir. IELTS mərkəzi ilə yanaşı universitetdə xarici imtahanlara, Amerika və Avropanın nüfuzlu universitetlərindəki təhsilə əlçatanlığı təmin etmək məqsədilə 2023-cü ildən SAT qeydiyyat və imtahan mərkəzi də fəaliyyət göstərir. Rektor vurğulayıb ki, hər iki mərkəz həm universitetin, həm də bütövlükdə regionun inkişafına öz töhfəsini verir.
Naxçıvan Qızlar Liseyinin XI sinif şagirdi Nuray Cabbarlı bildirib ki, beynəlxalq təhsil imtahanlarına hazırlıq mərhələsində Naxçıvan Dövlət Universitetinin IELTS Mərkəzinə müraciət edib. Mərkəzin koordinatoru Bayram Əliyevin rəhbərliyində ingilis dili biliklərinə yiyələnib, ingilis dilini möhkəmləndirib. Mərkəzdə IELTS və SAT imtahanlarına hazırlıq prosesi Nurayın ingilis dili biliklərini təkmilləşdirib və yekunda onun FLEX imtahanından uğurla keçməsinə köməklik göstərib.
Qeyd edək ki, Nuray Cabbarlı Amerikada yaşayan ailə tərəfindən qəyyumluğa götürüləcək və 1 il müddətində təhsilini orada davam etdirəcək.