NDU-nun rektoru Elbrus İsayev rəqs üzrə Azərbaycan birincisi olan tələbələrlə görüşüb

  Xəbər verdiyimiz kimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsində Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecinin rəqs qrupu “Tənzərə” (Şərur yallısı) ilə iştirak edərək, rəqs nominasiyası üzrə birinci yerə layiq görülüb.

Bu münasibətlə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev rəqs qrupunun üzvləri ilə görüşüb.

Görüşdə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov, kollecin direktoru Asəf Ruşanov da iştirak edib.

Rektor Elbrus İsayev tələbələri birincilik münasibətilə təbrik edib, kollecin elmi, sosial və mədəni fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, bu il 100 illiyi qeyd olunan kollec, bir əsrlik fəaliyyəti ərzində təhsil və peşə bacarıqlarının inkişafına mühüm töhfələr verib, yüksək istedadlı tələbələr yetişdirib. Kollec məzunları subbakalavr kimi ali təhsil müəssisələrində təhsillərini davam etdirərək ixtisaslı kadr kimi müvafiq sahələrdə uğurla fəaliyyət göstərirlər.

Kollecin direktoru Asəf Ruşanov yeni tədris ili üçün planlaşdırılan yeniliklərdən bəhs edib, tələbələrin universitetin təhsil bazasından yararlanmasının üstünlüklərini diqqətə çatdırıb.

 Sonra tələbələr göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
  Görüşün sonunda xatirə fotosu çəkilib.
   Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən müsabiqə peşə və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilib. Müsabiqənin yekun konserti və qaliblərin mükafatlandırılması mərasimi may ayında Bakı şəhərində baş tutacaq.