NDU-da görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günü ilə əlaqədar dəyirmi masa keçirilib

          Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində 15 aprel akademik Zərifə Əliyevanın anım günü ilə əlaqədar dəyirmi masa keçirilib. 

Tədbirdə Tibb fakültəsinin dekanı Ənvər İbrahimov, dekan müavini Şəfiqə Süleymanova, “Klinik fənnlər və hərbi tibb” kafedrasının müdiri Gültəkin Əliyeva, “Təməl tibb fənnləri” və “Əczaçılıq və biokimya” kafedrasının əməkdaşları iştirak ediblər.

Çıxışlarda Zərifə Əliyevanın həyatı, elmi fəaliyyəti, xüsusilə oftalmologiya sahəsindəki böyük xidmətləri haqqında məlumatar diqqətə çatdırılıb, onun elmi irsinin Azərbaycan xalqı və təhsil sistemi üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Qeyd olunub ki, Zərifə xanım Əliyeva, Azərbaycan tibb elminin önəmli simalarından biri olub, onun 1960-cı ildə müdafiə etdiyi namizədlik dissertasiyası “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusu traxoma xəstəliyinin müalicəsində yeni yanaşmaların inkişafına və bu yanaşmaların ölkə boyu tətbiqinə imkan yaradıb.

Vurğulanıb ki, görkəmli oftalmoloq-alim Zərifə xanımın həyatını və işlərini yad etmək, onun şəxsiyyətinin və elmi irsinin əhəmiyyətini xatırlamaq gənc nəsillərə bu böyük alimdən örnək götürməyi təşviq etmək vacibdir. Zərifə Əliyeva, ümumiyyətlə, tibb elminə olan böyük marağı və zəhməti ilə tanınır və öz fəaliyyəti ilə Azərbaycanda tibbin yüksək səviyyəyə yüksəlməsinə xidmət edib. Zərifə xanımın xatirəsi hər zaman hörmətlə anılacaq.