NDU-da “İnnovasiyali iqtisadiyyatda rəqəmsallaşma: rəqəmsal mühasibat uçotu müasir maliyyə mexanizmləri, reallıqlar və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib

Naxçıvan Dövlət Universitetində “İnnovasiyali iqtisadiyyatda rəqəmsallaşma: rəqəmsal mühasibat uçotu müasir maliyyə mexanizmləri, reallıqlar və perspektivlər” mövzusunda elmi-praktiki konfrans olub. Konfrans Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecinin akt zalında baş tutub. İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərovun moderatorluğu ilə keçən konfransda Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov, Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli, rəsmi şəxslər, NDU-nun müəllim heyəti, həmçinin tələbələr iştirak ediblər.

Rektor Elbrus İsayev belə görüşlərin təşkilini yüksək qiymətləndirib, 2025-ci ildə daha çox bu yöndə tədbirlərin olacağını qeyd edib. Rektor dördüncü sənaye inqilabı dövründə müasir çağırışların rəqəmsal bacarıqları öyrənməyi və yararlanmağı tələb etdiyini vurğulayıb. Eyni zamanda Naxçıvan Dövlət Universitetinin də sürətlə rəqəmsallaşmağa doğru irəlilədiyinə diqqət çəkib. Elbrus İsayev bildirib ki, NDU bu yöndə ölkədə nümunəvi ali təhsil müəssisəsidir ki, ilk dəfə elektron  təhsil sisteminə keçib, ölkədə ilk dəfə smart tələbə kartı “TələbəPlus”ın istifadəsini tətbiq edib, tədris prosesi və elmi tədqiqatlarda hibrid təhsil qurulub, elmi əsərlər jurnalı elektronlaşıb. Rektor həmçinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində bu il reallaşacaq NDU–da İnnovasiyalar Mərkəzi barədə məlumat verərək, məqsədin ölkədə rəqəmsal bacarıqlara dair strategiya uyğun, əmək bazarının tələblərinə cavab verən, yenilikçi kadrlar hazırlamaq olduğunu qeyd edib.

Daha sonra Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov, Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli çıxış ediblər. Natiqlər Azərbaycan iqtisadiyyatında rəqəmsallaşmanın tətbiqi, bu sahədə statistik məlumatların, aparılan təhlillərin  müsbət nəticələri, rəqəmsal maarifləndirməyə göstərilən diqqət, rəqəmsal transformasiya, kibertəhlükəsizlik, süni intellekt və innovativ yeniliklərin qarşıya qoyduğu əsaslı çağırışlardan bəhs ediblər.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin “Mühasibat və maliyyə” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Teymur Abbasov  “İnnovasiyalı iqtisadiyyatda rəqəmsal mühasibat uçotu: müasir reallıqlar və perspektivlər”,  Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının professoru, iqtisad elmləri doktoru, Rəsul Balayev  “Rəqəmsal innovasiyaların prioritetləri”,  Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Zahid Qənbərov  “Vergi xidmətində rəqəmsallaşma və innovativ xidmətlər” məruzələri  ətrafında çıxışlar edib, dayanıqlı iqtisadiyyatın təmin olunmasında rəqəmsallaşmanın rolundan danışıblar.

Sonda xatirə şəkli çəkilib.