NDU-da “Rus və şərq dilləri” kafedrasının baş müəllimi Arif Zeynalovun 75 illik yubileyi qeyd olunub

Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsində baş müəllim Arif Zeynalovun 75 illik yubileyi qeyd olunub. Tədbirdə universitetin rəhbər heyəti və professor-müəllimləri iştirak ediblər.

          Universitetin rektoru Elbrus İsayev səmərəli fəaliyyəti ilə seçilən müəllimin elmi-pedaqoji fəaliyyətindən danışaraq, onun uzun illər ərzində universitetin inkişafına verdiyi töhfələri vurğulayıb. Rektor bildirib ki, Arif Zeynalov peşəkar pedaqoq kimi təkcə bilik verməklə kifayətlənmir, həm də tələbələrə dil öyrətməkdə xüsusi metodik yanaşmalar tətbiq edir. Daha sonra Elbrus İsayev yubilyarı təbrik edərək, elmi-pedaqoji fəaliyyətində uğurlar arzu edib, universitetin fəxri fərmanını təqdim edib.

Universitetin Xarici dillər fakültəsinin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Yasin Babazadə, “Rus və şərq dilləri” kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Lalə Allahverdiyeva, “Rus və şərq dilləri” kafedrasının baş müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Rəmziyyə Əsgərova və digər natiqlər yubilyarın akademik nailiyyətlərindən, pedaqoji sahədəki yeniliklərindən və universitetdəki nümunəvi fəaliyyətindən söz açıblar. Qeyd olunub ki, Arif Zeynalovun gənc mütəxəssislərin yetişdirilməsində müstəsna rolu olub və o, tələbələri arasında yüksək hörmət qazanıb. Yubilyara xatirə hədiyyələri təqdim edilib.

Daha sonra yubilyar göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirib.