NDU-nun rektoru Elbrus İsayev “Açıq mikrofon” layihəsi çərçivəsində tələbələrlə görüşüb

    Naxçıvan Dövlət Universitetinin “Açıq mikrofon” layihəsinin növbəti qonağı ali təhsil ocağının rektoru Elbrus İsayev olub. Layihə çərçivəsində rektor dördüncü dəfə universitet tələbələri ilə görüşüb. Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən görüşdə universitet rəhbərliyi, müəllim heyəti, həmçinin tələbələr iştirak ediblər.

Görüşdə rektor Elbrus İsayev belə göüşlərin təşkilini yüksək qiymətləndirib, belə platformaların idarəetmədə operativlik, universitet-tələbə münasibətlərində müraciətlərin çevik cavablandırma əhəmiyyəti daşıdığını bildirib. Tələbə kontingentinin 10 minə yaxın olduğuna diqqət çəkərək, NDU-da tələbəyönümlü böyük layihələrin həyata keçirildiyini və bu prosesdə də hədəf auditoriyanın tələbələr olduğunu qeyd edib. Rektor tələbələrin hərtərəfli inkişafı üçün bu il də bir çox layihələrin nəzərdə tutulduğunu, xüsusilə universitet kampusunun yeni dizaynda təşkil olunacağını, sosial tədbirlər üçün məkanların tikiləcəyini, idman tədbirlərinin geniş vüsət alacağını vurğulayıb. Eyni zamanda Tibb ixtisası ilə bağlı gözlənilən yeniliklərdən, ikili diplom layihələrinin tələbələrə təklif etdiyi geniş imkanlardan bəhs edib. Rektor xüsusuilə vurğulayıb ki, NDU hazırda dayanmadan inkişaf edir. Qlobal reytinqlər bizim qarşımıza çox böyük vəzifələr qoyur və biz bu vəzifələri rəqabət mühitində mütləq icra etməliyik , daha keyfiyyətli tələbə kontingentinə nail olmalıyıq. Biz buna da nail oluruq. Ötən ilin statistikası əsas verir deyək ki, son illərdə NDU-da yüksək ballı qəbul faizləri dəfərlərlə artıb.

Tələbələrin universitetin elmi və tədris göstəricilərinin yüksəlişində xüsusi rolu olduğunu qeyd edən rektor Elbrus İsayev bu kimi tədbirlərin davamlı xarakter alacağını bildirib. Tələbələrlə dərslərdə, auditoriyalarda, müxtəlif tədbirlərdə mütəmadi olaraq görüşlərin keçirildiyini, universitetin rəsmi internet saytında “Rektora müraciət” bölməsi üzərindən də şikayət və təkliflərin qəbul edildiyini diqqətə çatdırıb.

Sonra söz Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanovun moderatorluğunda tələbələrə verilib. Rektor Elbrus İsayev 3 saat ərzində tələbələrin 30-dan artıq sualını ətraflı cavablandırıb, müraciətlərini dinləyib, öz təklif və tövsiyələrini söyləyib.