Naxçıvan Dövlət Universitetində Xocalı Soyqırımının 33-cü ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə universitetin rəhbər heyəti, şöbə və fakültə rəhbərləri, əməkdaşlar, müəllim və tələbə heyəti iştirak ediblər.
Öncə universitetin İncəsənət fakültəsinin təşkil etdiyi rəsm sərgisinə baxış olub.
Tədbirdə Ümumillilider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Naxçıvan Dövlət Universitetinin professoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli bildirib ki, Xocalı faciəsi bəşər tarixində misli görülməmiş qırğın olub. Erməni qəsbkarları 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfəri qətlə yetirib, onlardan 56 nəfəri xüsusi qəddarlıqla öldürüb. Professor 1275 insanın əsir və girov götürülərək işgəncələrə məruz qaldığını, daha yüzlərlə Xocalı sakinindən xəbər olmadığını vurğulayıb. Dövlətimiz tərəfindən ölkə daxilində və xaricdə Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaq istiqamətində həyata keçirilən arıdıcıl tədbirlər, Heydər Əliyev Fondu tərəfindən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası barədə iştirakçıları məlumatlandırıb. Qeyd edib ki, 2020-ci il 44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıqlar yaranıb, “dəmir yumruq” qalib gəlib, Xocalı faciəsi qurbanlarının da qisası alınıb. Professor Hacıfəxrəddin Səfərli vurğulayıb ki, Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb .
Sonra Xocalı faciəsinə həsr olunan videoçarx izlənilib.
Tədbir bədii hissə ilə davam etdirilib. Bədii hissədə Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin müəllimləri Zakir Məmmədovun , Əli Həsənovun, İncəsənət fakültəsinin xor kollektivinin, dirijor, Naxçıvan MR əməkdar artisti Validə Hüseynova və ali təhsil ocağının tələbələrinin, Prezident mükafatçısı Samir İsmayılovun ifasında mahnılar, şeirlər səslənib, Xocalıda törədilən amansız qətliamlar bir daha xatırlanıb.