Tədbirdən öncə İncəsənət fakültəsinin qadın tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış olub. Sərgidə 50 kətan üzərində yağlı boya ilə çəkilmiş, 20 dekorativ tətbiqi sənət nümunələri olmaqla ümumilikdə 70 rəsm əsərləri nümayiş olunub.
Tədbirdə universitetin rəhbər heyəti, qadın əməkdaşları, NDU-nun Musiqi Kollecinin kolektivi və tələbələr iştirak ediblər.
Universitetin elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov əlamətdar gün münasibəti ilə bütün qadınları təbrik edib. Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli lider Heydər Əliyevin Azərbaycan qadınının ictimai-siyasi fəallığının inkişafına xüsusi önəm verdiyini vurğulayıb. Bildirib ki, universitetdə çalışan akademik heyətin 50 faizini qadınlar təşkil edir və təhsil sahəsində gender bərabərliyini və həssaslığını təşviq edən tədris strategiyası tətbiq edilir. Prorektor eyni zamanda xanımların universitetin idarəedici heyətində də təmsil olunduğuna, qadın müəllimlərin nailiyyətlərinə diqqət çəkərək, vurğulayıb ki, bunlar da qadınların uğurlarının bir başqa göstəricisidir. Elsevər Əsədov rektor Elbrus İsayevin müvafiq əmrinə əsasən Beynəlxalq Qadınlar Günü münasibəti ilə universitetin bütün xanım əməkdaşlarına pul mükafatının müəyyənləşdirildiyini də tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Daha sonra çıxışlar dinlənilib. Fortepiano kafedrasının müdiri, professor Səidə Məmmədova qadınların incəsənət sahəsində qazandıqları uğurlardan, Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva qadınların milli mətbuat tarixindəki xidmətlərindən, Meliorasiya və ekologiya mühəndisliyi kafedrasının baş müəllimi Leyla İbrahimova Azərbaycan qadınının cəmiyyətə verdiyi töhfələrdən söz açıblar.
Sonra tədbirin bədii hissəsi baş tutub.
Tərkibində Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, Prezident mükafatçıları, İncəsənət fakültəsi və NDU-nun Musiqi Kollecinin müəllim və tələbələrinin ifasında rəngarəng konsert proqramı təqdim edilib. Pantominlə başlayan bədii hissə yeni yaradılan “Gənclik” instrumental ansamblı, “Belkanto” vokal qrupu, Naxçıvan Musiqi Kollecinin Saz qrupunun təqdimatında ifalarla davam edib. ”Naxçıvani” rəqsi, “Ana”, “Ay Güləbatın”, “Sevdiyim qız”,”İntizar”, "Qonşu qız” və digər mahnılar xoş ovqat yaradıb.
Qeyd edək ki, konsertin bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədova, “Gənclik” instrumental ansamblının bədii rəhbəri Xalq çalğı alətləri ixtisasının tələbəsi Sahil Qasımovdur.