“İnklüziv təhsil: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda I Respublika Elmi konfransı çərçivəsində Naxçıvan Dövlət Universitetinin İnkluziv Təhsil Mərkəzinin açılışı olub.
Açılışda Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfov, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Fərid Bağırzadə , Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Asəf Zamanov, Bakı Slavyan Universitetinin Pedaqogika və psixologiya kafedrasının müdiri Piralı Əliyev, Xəzər Universitetinin Humanitar,təhsil və sosial elmlər fakültəsinin dekanı Aygün Verdiyeva və digər konfrans nümayəndələri iştirak ediblər.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, İnkluziv Təhsil Mərkəzi bütün tələbələrin sosial-mədəni və fərdi xüsusiyyətlərinə, həmçinin ehtiyaclarına uyğun təhsil almasını təmin edəcək. Tələbələrin keyfiyyətli təhsilə çıxışı və mümkün ayrı-seçkiliyin azaldılması, mərkəzin əsas məqsədlərindəndir. Burada xüsusi qayğıya ehtiyacı olan tələbələrin inkişafı, hərtərəfli təlim dəstəyi sistemi, təhsil və reabilitasiya şəraiti yaradılıb. Gələcəkdə mərkəzin fəaliyyəti ilə bağlı daha geniş planlar nəzərdə tutulur.
Naxçıvan Dövlət Universitetinin İnkluziv Təhsil Mərkəzinin direktoru pedaqogika üzrə fəlsəfə doktoru , dosent Taleh Xəlilov qonaqlara mərkəz haqqında məlumat verib, avadanlıqları təqdim edib.
Daha sonra rektor Elbrus İsayev konfransın təşkilində əməkdaşlıq edən dövlət qurumlarına və tərəfdaş universitetlərə plaketlər təqdim edib.
Sonda konfrans iştirakçıları NDU-nun Texnologiya Mərkəzində tələbələr tərəfindən hazırlanmış əl işləri ilə tanış olublar.