Universitetin Elmi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Sevda İbrahimlinin şəhidlərimizin xatirəsinə həsr olunan “Ölməz qəhrəmanlar” adlı kitabının təqdimatı olub.
Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə şəhid valideynləri və ziyalılar iştirak ediblər.
Naxçıvan Dövlət Universitetinin Həmkarlar İttifaqı komitəsinin sədri Nicat Yaqubov şəhid ailələri və qazilərlə mütəmadi görüşlərin təşkil edildiyini bildirib. Onların iştirakı ilə hər semestrin ilk dərs gününün xüsusi olaraq şəhidlərimizə həsr olunduğunu qeyd edib. “Ölməz qəhrəmanlar” kitabının vətən uğrunda mərdliklə vuruşan, öz qanları bahasına vətəni qoruyan Naxçıvan və Maştağa şəhidlərinin bir qismi haqqında ətraflı məlumat verdiyini diqqətə çatdırıb.
Bu cür nəşrlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi rol oynadığını qeyd edən Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru Xumar Məmmədova kitabda şəhidlərin həyat yoluna dair məlumatları və onlara həsr olunan şeirləri mühüm əhəmiyyətli mənbə adlandırıb.
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri, şəhid Amin Gülməmmədovun atası Mais Gülməmmədov universitetdə belə tədbirlərin mütəmadi keçirilməsini təqdirəlayiq hesab edib. Bütün şəhidlərin xatirəsinin daim yaşadılmasının vacibliyini vurğulayıb. Kitabda 177 şəhid haqqında yer alan məlumatların vətənpərvərlik hissinin aşılanmasında xüsusi önəm daşıdığını qeyd edib.
Naxçıvan Ali Məclisinin deputatları Təbriz Zeynalov, Əziz Qasımov və “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədr müavini Əli Əlisoy vətən uğrunda canını fəda edən şəhidlərin daim xatırlanmasının vacibliyini vurğulayıb. Şəhidlərin qəhrəmanlığını əbədiləşdirəcək belə kitabların əhəmiyyətindən söz açıb.
Sonra tələbələrin bədii qiarətləri dinlənilib. Sonda, müəllif göstərilən diqqətə görə öz minnətdarlığını bildirib və şəhid ailələrinə “Ölməz qəhrəmanlar” kitabını təqdim edib.