Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə Saat Meydanı istirahət kompleksində Məzun Günü keçirilib.
Məzun günündə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra musiqi sədaları altında məzun keçidi başlayıb.
Tədbirdə moderator qismində çıxış edən tələbələr Əli Yarıyev və Nilufər Əliyeva ali təhsil ocağının son illərdə qazandığı uğurları iştirakçıların diqqətinə çatdırdıqdan sonra “Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti” adlı videoçarx nümayiş olunub.
2023-2024-cü tədris ilinin yekununda 2198 tələbənin məzun olduğunu deyən universitetin rektoru Elbrus İsayev ötən illərlə müqayisədə bu il daha çox məzun olduğunu diqqətə çatdırıb.
Rektor qeyd edib ki, tələbəlik illəri insan həyatında yer tutan ən önəmli dövrü təşkil edir. Həmin dövr gəncliyin xoş günlərini özündə əks etdirməklə yanaşı hər hansı bir ixtisasa, elmə, biliyə yiyələnmək, gələcəkdə ondan daim yararlanmaq baxımından tələbələrin həyatında böyük izlər qoyur. Qeyd olunub ki, universitetin də məqsədi məhz intellektual, bacarıqlı, vətənpərvər gənclər yetişdirməkdir.
Bu illər ərzində məzunların ictimai həyatda da aktiv olduğunu diqqətə çatdıran rektor bildirib ki, məzunlar təkcə auditoriyada deyil, eyni zamanda ictimai fəallıq göstərərək universitetin bütün tədbirlərində fəal iştirak ediblər. Vurğulanıb ki, tələbəlik illəri məzunların həyatında gözəl xatirə kimi hər zaman yaşayacaq. Elbrus İsayev Məzun adını qazanan bütün tələbələri təbrik edərək, onlara gələcək həyatlarında uğurlar arzulayıb.
Naxçıvan Dövlət Universitetinin ilk məzunlarından olan Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar çıxışında qeyd edib ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Həmçinin, dünyanın istənilən ölkəsində gənclər də sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətin islahatlarını hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunur. Məhz Naxçıvan Dövlət Universiteti də bacarıqlı gənclərin yetişdirilməsində xüsusi rol oynayır. Asim Yadigar məzunları təbrik edərək, onlara can sağlığı arzulayıb.
Sonra Pedaqoji fakültənin müəllimi Valeh Əlixanovun rəhbərliyi ilə tələbələrin hazırladığı, çətin fəndlərin ustalıqla yerinə yetirildiyi “Karate şousu” iştirakçılar tərəfindən coşqu ilə qarşılanıb.
Mərasim zamanı universitetin məzunlarından ümümi orta müvəffəqiyyət göstəricilərinə görə fərqlənən tələbələrə plaket və hədiyyələr təqdim olunub, Kamal Allahverdiyev “Məzun kötüyünə” xatirə lövhəsini vurub.
Sonra mərasim universitetin konservatoriyasının və Musiqi Kollecinin müəllim və tələbələrinin hazırladığı konsert proqramı ilə davam edib. Bədii rəhbəri universitetin “Orkestr alətləri və dirijorluq” kafedrasının dosenti, Əməkdar artist Validə Hüseynova olan “Belkanto” vokal qrupu, “Sevincin inciləri” qanunçalanlar ansamblı, “ADA BAND” rok musiqi qrupu, NDU-nun Beynəlxalq Məktəbi şagirdlərinin ifaları iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.
Şəhid ailələrinin də iştirak etdiyi tədbirdə İkinci Qarabağ müharibəsi şəhidi Vüqar Şıxıyevin oğlu, universitetin məzun tələbəsi Abutalıb Şıxıyev iştirakçılarla öz təəssüratını bölüşərək məzunlara gələcək həyatlarında uğurlar arzulayıb.
Məzun tədbiri bu il 25 illiyi tamam olan Tibb fakültəsinin gənc həkim məzunlarının ənənəvi andiçmə mərasimi ilə davam edib.
Məzunların Papaqatma mərasimi baş tutduqdan sonra xatirə şəkilləri çəkdirilib.
Tədbir atəşfəşanlıq ilə yekunlaşıb.
Qeyd edək ki, Məzun günü tədbirinin ssenari müəllifi Tələbə Teatr Studiyasının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülxarə Əhmədova və Tələbələrlə iş və tədbirlərin təşkili bölməsinin əməkdaşı Suat Əhmədov, aparıcısı isə Yaqub İsayev olub.