Universitetinin İncənəsənət fakültəsində keçirilən konfransda Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli konfrans iştirakçılarını türk dünyası üçün strateji əhəmiyyət kəsb edən, Şərqlə Qərbin qovşağında, böyük İpək yolunun üzərində yerləşən Naxçıvanda salamlayaraq bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu siyasi-ideoloji fəaliyyətin mühüm istiqamətlərindən biri də türk dünyasının birliyidir. Hələ Ulu Öndərimiz 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə bu istiqamətdə qərarlar qəbul edib, qardaş Türkiyə ilə əlaqələrin qurulmasına xüsusi önəm verib. Türkdilli dövlətlərin institusional strukturunun formalaşması təşəbbüsünün müəllifi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, bu təşəbbüsün reallığa çevrildiyi yer isə Naxçıvan olub. 2009-cu ildə Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Görüşünün Naxçıvanda keçirilməsi və “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”nin imzalanması mühüm tarixi-siyasi əhəmiyyətə malikdir. Ötən dövrdə türkdilli dövlətlər arasında əməkdaşlığın müxtəlif formalarda inkişafına nail olunub, bütövlükdə türk dünyası dövlətləri arasında inteqrasiya sürətləndirilib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi idarə heyətinin sədri Fərid Şəfiyev çıxışında qeyd edib ki, hazırda dünyada, o cümlədən Şərqi Avropa və Yaxın Şərqdə çox mürəkkəb geosiyasi hadisələr baş verir. Bütün bunlar beynəlxalq təhlükəsizlik və iqtisadi baxımdan daha sıx əməkdaşlığı zəruri edir. Bu istiqamətdə artıq addımlar atılır, orta dəhliz layihəsi həyata keçirilir, intellektual potensial güclənir, türk akademiyası fəaliyyət göstərir. Artıq ortaq türk əlifbası yaradılıb və ortaq türk dili layihəsi üzərində iş gedir.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, dövlətlərimiz buna addım-addım yaxınlaşır. Bu birliyin Naxçıvanda əsası qoyulmuş sazişlə inkişaf etməsi qürurverici və önəmlidir. Çünki Naxçıvan min illərdir türkçülüyün simvollarını daşıyan mərkəz rolunu oynayıb. Vaxtilə Atabəylərin, Səlcuqlar imperiyasının mərkəz şəhərlərindən olan Naxçıvan geostrateji mövqeyi, şəhərsalma mədəniyyəti, ənənələri ilə həmişə türk dünyası üçün maraqlı bir region olub.
Türk Dövlətləri Təşkilatı baş katibinin nümayəndəsi Muradcan Mustafayev Naxçıvan müqaviləsinin 15 illiyi münasibətilə təbriklərini çatdırıb, bu tədbirin türk coğrafiyasında əsas körpü rolunu oynayan Naxçıvanda keçirilməsinin xüsusi əhəmiyyətinə toxunub. Qeyd edib ki, strateji baxımdan Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında yerləşən, 170 milyona yaxın əhalisi olan türk regionu qarşılıqlı ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar açır. 2023-cü ildə Türk Dövlətləri Təşkilatı iqtisadiyyatının ÜDM-i əvvəlki illə müqayisədə 18 faiz artaraq təxminən 2 trilyon ABŞ dollarına çatıb.
Tədbirdə Naxçıvan televiziyasının hazırladığı türk dövlətləri birliyinin inkişafını və əhəmiyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Sonra təşkilatçılar tərəfindən səlahiyyətli nümayəndə Fuad Nəcəfliyə və digər iştirakçılara simvolik hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.
Tədbir “Türk Dövlətləri Təşkilatı coğrafiyasında geosiyasi dəyişikliklər və Türk Dövlətləri Təşkilatı”, “Təhlükəsizlik sahəsində əməkdaşlıq”, “İqtisadi və ticarət əlaqələri” və “Enerji və nəqliyyat sahəsində əməkdaşlıq” mövzularında panel iclasları ilə davam edib.