Naxçıvan Dövlət Universiteti və Naxçıvan MR Həmkarlar İttifaqı Şurasının birgə təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində “COP29”-a həsr olunan “SDG kamp” ekoloji düşərgəsi təşkil edilib.
Düşərgənin əsas məqsədi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən qəbul edilmiş 17 məqsəd haqqında maarifləndirmə işini aparmaqdır.
Təlimin ilk günü "2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"də əks olunan Dayanıqlı İnkişaf Məqsədlərinin universallığı, qarşıdakı illər ərzində yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq kimi fəaliyyətlər düşərgə iştirakçılarının diqqətinə çatdırılıb.
Qeyd edək ki, düşərgə müddətində Naxçıvan Dövlət Universitetinin təlimçiləri "Karbon ayaqizi", "Ekoloji startapların tərtibi", "Sağlam yaşam", "Ərazinin ekoloji qiymətləndirilməsi simuliyasiyası" və "Tullantıların idarə olunması" mövzularında təlimlər keçəcəklər.
Nəzərinizə çatdıraq ki, düşərgə 20-21 may tarixlərində davam edəcək.