Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin həkim, rezident və tələbələrinin iştirakı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-cü ildönümü qeyd edilib.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, akademik Zərifə xanım Əliyeva respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf edib, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırıb. Vurğulanıb ki, Zərifə xanım böyük alim olmaqla yanaşı, görkəmli ictimai xadim və parlaq şəxsiyyət kimi də Azərbaycan tarixində xüsusi yer tutur.
Universitetin Ümumi təbabət və klinik fənlər kafedrasının professoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi İsa Abdullayev bildirib ki, Zərifə xanım fundamental oftalmoloji elmi araşdırmaların müəllifi kimi də şöhrət qazanmışdır. Zərifə xanım vərəm, şəkər və qlaukoma xəstəlikləri nəticəsində gözün zədələnmə xüsusiyyətlərini öyrənilməsinə həsr olunmuş tədqiqat əsərləri ilə təbabətin bu ağır sahəsinə yeniliklər gətirib.
Tibb fakültəsinin dekanı İlhamə Mustafayeva qeyd edib ki, görkəmli alim Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsi öyrədib, onlara diqqət və qayğı ilə yanaşıb. Apardığı elmi tədqiqatların sosial əhəmiyyəti, özünün ictimai fəallığı, pedaqoji istedadı, çoxillik elmi-tədqiqat işlərində böyük xidmətləri layiqincə qiymətləndirilərək Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb
Universitet xəstəxanasının həkim-oftalmoloqu Aynur Rzayeva vurğulayıb ki, akademik Zərifə xanım Əliyevanın qazandığı elmi uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. İstedadlı alim oftalmologiyanın aktual mövzuları üzrə çoxprofilli tədqiqatlar apararaq dəyərli elmi-tədqiqat əsərləri ərsəyə gətirib.
Tibb fakültəsinin tələbəsi, Zərifə xanım Əliyeva adına təqaüdçü Bəhriyyə Mustafayeva qeyd edib ki, böyük alimin həyatı, Vətəninə, xalqına sədaqəti, elmə xidməti, sahib olduğu insani məziyyətlər biz gənc nəsil üçün əsl örnəkdir.
Sonda akademikin həyat yolundan bəhs edən film nümayiş olunub.