Naxçıvan Dövlət Universitetində növbəti IELTS imtahanı keçirilib

17-18 aprel tarixlərində Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən  IELTS Qeydiyyat və İmtahan Mərkəzində kompüter əsaslı akademik IELTS imtahanı təşkil olunub. İki gün davam edən imtahanda  muxtar respublikada fəaliyyət göstərən müxtəlif qurumların nümayəndələri, universitetin fərqli ixtisaslarından olan tələbələr, müəllimlər, doktoranturaya və NDU nəzdində Beynəlxalq Kembric Məktəbinə iş üçün müraciət etməyi planlaşdıran namizədlər də daxil olmaqla ümumilikdə 30 nəfər iştirak edib.  

Müəllimlərin peşə bacarıqlarının artrılaraq günün tələbinə uyğunlaşdırılması, həmçinin dil biliklərinin inkişaf etdirilməsi məqsədi daşıyan IELTS imtahanları imkan verir ki, universitetdə ingilis dilli ixtisasların sayı daha da artsın.

Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə Naxçıvan Dövlət Universitetində yaradılan mərkəz 2022-ci ilin aprel ayından etibarən Britaniya Şurası ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Bu müddət ərzində mərkəzdə artıq 300-ə yaxın müəllim, tələbə və şagird beynəlxalq imtahan verib.

Qeyd edək ki, imtahanda tətbiq olunan bütün sualların hazırlanması, imtahanın keçiriliməsi  və qiymətləndirilməsi Britaniya Şurası tərəfindən həyata keçirilir. İndiyədək  baş tutmuş  imtahanlarda yüksək nəticə göstərən iştirakçılar arasında tələbə və müəllimlər üstünlük təşkil edir.  

Bütün bunlarla yanaşı imtahanda iştirak edən tələbə və müəllimlər 6.5 bal və ya daha yüksək nəticə əldə etdikdə imtahan üçün ödənilən məbləğ geri qaytarılır.