Tədbirdən əvvəl qonaqlar Naxçıvan şəhər qəbiristanlığında tarix elmləri namizədi, dosent Əli Əliyevin məzarını ziyarət edərək Naxçıvan Dövlət Universiteti adından əklil qoyublar.
Naxçıvan Dövlət Universitetində keçirilən tədbir çərçivəsində universitetin ilk rektoru, görkəmli ictimai-siyasi xadim Əli Əliyevin adına auditoriyanın açılışı olub. Auditoriya Əli Əliyevin zəngin və çoxşaxəli həyat fəaliyyətini əks etdirən şəkillər, elektron resurslar, kitablar və digər elmi-ədəbi mənbələrlə təchiz edilib. Eyni zamanda, burada Əli Əliyevin həyat yolu və ictimai fəaliyyətinə dair xüsusi bölmə də təşkil edilib ki, bu da onun irsinin gələcək nəsillərə ötürülməsinə töhfə verəcək.
Tədbir başlamadan öncə Əli Əliyevə həsr olunan Naxçıvan Televiziyasının hazırladığı film nümayiş olunub.
Ali təhsil ocağının rektoru Elbrus İsayev görkəmli elm xadimi Əli Əliyevin istər tarix elminin, istərsə də Naxçıvan Dövlət Universitetinin inkişafı sahəsində gördüyü işlərdən ətraflı bəhs edib. Diqqətə çatdırılıb ki, tarixçi Əli Əliyev Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin müəllimlərindən olub. Rektor Əli Əliyevin elm və təhsil sahəsindəki xidmətlərindən bəhs edərək, onun xatirəsinin əbədiləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Əli Əliyevin böyük ictimai-siyasi xadim kimi fəaliyyətinə toxunan rektor, onun Azərbaycan ədəbiyyatında memuar janrda iz qoyduğunu diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan-Ermənistan münaqişəsinin şahidi olaraq əsərlər qələmə alan tarixçi yazdığı “Əlincə yaddaşı” əsəri, Naxçıvanın tarixi və mədəni irsini qoruyan önəmli mənbələrdən biridir. Elbrus İsayev Əli Əliyevin universitetin ilk rektoru kimi Naxçıvanın təhsil mühitinə böyük töhfələr verdiyini və onun xidmətlərinin daim yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxışında qeyd edib ki, ictimai-siyasi xadim təhsil sahəsindəki xidmətləri ilə yanaşı siyasi fəaliyyəti ilə də yaddaşlarda iz buraxıb. Akademik Əli Əliyevin 1941-1947-ci illərdə Naxçıvan MSSR Xalq Maarif komissarı, Naxçıvan MSSR Maarif Naziri, 1951-1967-ci illərdə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin katibi vəzifəsində çalışdığını diqqətə çatdırıb. Sonra 1967-1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının (indiki Naxçıvan Dövlət Universiteti) təşkilatçısı və ilk direktoru olduğunu vurğulayıb. Akademik bildirib ki, Naxçıvanın tarixi, ictimai-siyasi və mədəni həyatında tarixçinin rolu çox olub.
AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Hacı Fəxrəddin Səfərli bildirib ki, Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvandakı filialının və bütövlükdə Naxçıvan təhsil sisteminin formalaşması Əli Əliyevin adı ilə sıx bağlıdır. Vurğulanıb ki, Əli Əliyev universitetdə maddi-texniki bazanın yaradılması, kitabxananın təşkili, tələbə elmi cəmiyyətinin formalaşması və elm xadimlərinin yetişdirilməsi istiqamətində əvəzsiz rolu olub.
Tarix elmləri doktoru, dosent Eynulla Mədətli, Naxçıvan Dövlət Universitetinin fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev, tarix elmləri doktoru, dosent Xəzər Hüseynov, Naxçıvan “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin direktoru Nəzakət Əsədova, Əli Əliyevin nəvəsi tarix üzrə fəlsəfə doktoru Nail Əliyev ali təhsil ocağının ilk rektorunun elmi-pedaqoji və ictimai fəaliyyətindən danışaraq, onunla bağlı xatirələrini bölüşüblər. Çıxış edənlər Əli Əliyevin milli dəyərlərə sadiqliyini, çətin dövrlərdə təhsil ocaqlarının inkişafı üçün göstərdiyi fədakarlıq və gənc nəsillərə qayğısını xüsusi vurğulayıblar.