Bu gün görkəmli ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi Yavuz Axundlunun doğum günüdür. O, 7 yanvar 1927-ci ildə Ordubad şəhərində anadan olmuşdur.
Professor Yavuz Axundlu, 1962-ci ildən etibarən Naxçıvan Dövlət Universitetində (ilk vaxtlar Azərbaycan Dövlət Pedoqoji İnstitutunun filialı, sonralar Naxçıvan Pedoqoji İnstitutu) fəaliyyət göstərmiş, burada filial direktorunun müavini, Tədris və Elmi İşlər üzrə Prorektor, həmçinin Tarix-Filologiya fakültəsinin dekanı vəzifələrində çalışmış, yüksək təşkilatçılıq nümayiş etdirmiş və Muxtar Respublikada elmin inkişafına öz töhfələrini vermişdir. Yavuz Axundlunun zəngin irsi, ədəbiyyatın müxtəlif sahələrindəki uğurlu tədqiqatları, pedaqoji fəaliyyəti və tələbələrinə verdiyi dərslər, Naxçıvan Dövlət Universitetinin inkişafında mühüm rol oynamışdır. 1966-cı ildə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına, 2007-ci ildə isə Prezident təqaüdünə layiq görülmüşdür.
Yavuz Axundlu, ədəbiyyatşünaslıq sahəsində özünəməxsus rolu olan bir ziyalıdır. Naxçıvan ədəbi mühitinin inkişafında mühüm rol oynayan alim, həmçinin Muxtar Respublikada böyük bir ədəbiyyatşünaslar nəslinin yetişməsinə öz töhfəsini vermişdir.
Yavuz Axundlu 2017-ci ildə 90 yaşında vəfat etmişdir. NDU kollektivi olaraq, Professorun parlaq xatirəsini minnətdarlıqla yad edir və Allahdan rəhmət diləyirik.