Doktorantların və Gənc Tədqiqatçıların XXVII Respublika Elmi Konfransında iştirak ediblər

Sumqayıt Dövlət Universitetində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş Doktorantların və Gənc Tədqiqatçıların XXVII Respublika Elmi Konfransı keçirilib. Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, doktorantlar və dissertantlar iştirak ediblər.

Azərbaycan Respublikasının Elm və təhsil naziri Emin Əmrullayev konfransda çıxış edərək, artıq 27-ci dəfə təşkil edilən bu tədbirin əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, belə tədbirlər elm sahəsində möhkəm və uğurlu ənənələrin formalaşmasına, həmçinin gənc alimlər üçün geniş imkanların yaradılmasına şərait yaradır. Nazir, ölkədə elm və təhsilin inkişafı istiqamətində bir sıra mühüm və uğurlu addımların atıldığını bildirərək, müasir təhsil infrastrukturunun yaradılması, universitetlərdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və elmi-tədqiqat fəaliyyətlərinin gücləndirilməsini əsas prioritetlərdən biri kimi dəyərləndirib.

İki gün davam edəcək konfransda 287 tezis təqdim olunub və onlardan 251-i qəbul edilib. Tədbirin sonunda Naxçıvan Dövlət Universitetinin gənc doktorant və dissertantları Təbrizə Bağırova, Tələt Əlizadə, Amin Rəşidov, Rauf Rzayev, Mərhəmət Bayramov, Nərmin Heydərova və Ayxan Hüseynliyə təqdim etdikləri tezislərə görə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, konfransın məqsədi doktorant və gənc tədqiqatçıların apardığı elmi-tədqiqat işlərinin nəticələrini müzakirə etmək və onların elmi yaradıcılığını stimullaşdırmaqdır. Konfrans təbiət elmləri, İKT və mühəndislik, sosial-humanitar elmlər üzrə müxtəlif istiqamətləri əhatə edib.