Dosent Faiq Əqil oğlu Mirişlinin vəfatı ilə bağlı

Naxçıvan Dövlət Universiteti

Prezident təqaüdçüsü, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Faiq Əqil oğlu Mirişlinin vəfatı ilə bağlı

NEKROLOQ 

Azərbaycan elminə, təhsilinə ağır itki üz verib. Uzun müddət Naxçıvan Dövlət Universitetində səmərəli pedaqoji və elmi fəaliyyətlə məşğul olan Faiq Əqil oğlu Mirişli 85 yaşında dünyasını dəyişib. 1939-cu ildə anadan olan məhsuldar alim ömrünün böyük bir qismini Azərbaycanda fizika elminin inkişafına həsr etmiş, sanballı elmi tədqiqatları ilə ölkə elminə töhfələr vermişdir. Bərk cismlər fizikasında seqnetoelektriklər sahəsindəki araşdırmalarının nəticələri dünya səviyyəsində qəbul olumuş, həmçinin spontanpolyarizələşmiş kristalların əmələgəlmə kriteriyasını işləmiş, ilk dəfə 20-dən artıq təbəqəli quruluşa malik seqnetomaqnit kristallarının quruluşunu öyrənərək sistemli tədqiq etmişdir.

            Faiq Əqil oğlu Mirişli Naxçıvan Dövlət Universitetində elmi, pedaqoji fəaliyyətlə yanaşı idarəçilik sahəsində də səmərəli fəaliyyət göstərmiş, ali təhsil müəssisəsinin inkişafında nümunəvi xidmətləri ilə yaddaşlarda qalmışdır. 1992-1997-ci illərdə Naxçıvan Dövlət Universitetində qiyabi təhsil alan tələbələrlə iş üzrə prorektor, 1997-2007-ci illərdə “Fizika və radioelektronika” kafedrasının müdiri kimi müxtəlif vəzifələrdə səmərəli fəaliyyət göstərmişdir. Faiq Mirişli universitetdə kadr hazırlığı sahəsində də fərqlənmiş, elmi dərəcəli kadrların yetişdirilməsi sahəsindəki qayğıkeş münasibətinin nəticəsində universitetin professor-müəllim heyətinin olduğu kimi tələbələrin də sevgi və rəğbətini qazanmışdır.

            Faiq Mirişli fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent elmi dərəcəsi və adı almış, Azərbaycan Respublikası Prezidentinin Təqaüdünə layiq görülmüşdür.

            Naxçıvan Dövlət Universitetinin çoxminli kollektivi Azərbaycanda fizika elminin inkişafına özünəməxsus töhfə verən, elmi və pedaqoji fəaliyyəti ilə nümunə timsalına çevrilən fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Faiq Əqil oğlu Mirişlinin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!