Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev Naxçıvan Dövlət Universitetində olub

Naxçıvan Dövlət Universitetində keçirilən görüşdə universitetin Elm və İnnovasiyalar üzrə prorektoru Elsevər Əsədov professor Məsud Əfəndiyevi universitet kollektivi adından salamlayıb və onun elmi fəaliyyəti, nailiyyətləri haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, Məsud Əfəndiyev Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, Almaniyada “Helmholtz” Elmi-Tədqiqat Mərkəzinin “Dinamik sistemlər” şöbəsinin müdiri, Humboldt mükafatı qazanan ilk azərbaycanlı alim, eləcə də Azərbaycan Respublikasının Əməkdar Elm Xadimidir. Görüş zamanı Elsevər Əsədov professorun fəaliyyətinə maraq doğuran bir sıra suallar ünvanlayıb və professor tərəfindən həmin suallara ətraflı cavab verilib.

Almaniyada yaşayan tanınmış azərbaycanlı riyaziyyatçı, Humboldt mükafatını qazanan ilk azərbaycanlı alim, professor Məsud Əfəndiyev Naxçıvana ilk dəfə səfər etdiyini bildirib. Görüş zamanı öz elmi fəaliyyəti və həyatı haqqında  məlumat verən alim qazandığı beynəlxalq mükafatları da diqqətə çatdırıb. O, Dünya Azərbaycanlı Alimlər Birliyinin yaranması və məqsədləri barədə danışaraq, bu birliyin dünya elmi ictimaiyyətində azərbaycanlı alimlərin mövqeyinin gücləndirilməsi və onların arasında əməkdaşlığın genişləndirilməsinə xidmət etdiyini qeyd edib. Professor Məsud Əfəndiyev, şəxsi təşəbbüsü ilə Naxçıvan Dövlət Universitetinə səfər etdiyini vurğulayıb. O, universitetin potensialını daha yaxından tanımaq, eləcə də əməkdaşlıq imkanlarını müzakirə etmək istədiyini bildirib. Alim Naxçıvanın zəngin tarixi, mədəni irsi və elmi mühitinin ona böyük maraq doğurduğunu xüsusi vurğulayıb.

Görüşün sonunda professor Məsud Əfəndiyev müəllim və tələbələri maraqlandıran sualları cavablandırıb.

Görüşdən sonra o, Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası ilə yaxından tanış olub. Kitabxananın direktoru Xumar Məmmədova professoru kitabxananın yaranma tarixi, fəaliyyəti, mövcud fondlar və elektron resurslar haqqında məlumatlandırıb. Həmçinin, professorun adına yaradılmış kitab guşəsi və  Naxçıvan Dövlət Universitetinin rəsmi saytında yeni əlavə edilən, xaricdə yaşayan azərbaycanlı alimlərin elmi fəaliyyəti barədə məlumatlar yer alan xüsusi bölmə ilə tanışlıq olub. Professor kitabxananın zəngin resurslarını və müasir imkanlarını yüksək qiymətləndirib.