Tədbirdə Azərbaycan Respublikasının Elm və Təhsil Naziri Emin Əmrullayev, Xarici İşlər Nazirliyinin müavini Yalçın Rəfiyev, müvafiq dövlət qurumlarının, elm və ali təhsil müəssisələrinin rəhbər və nümayəndələri, eləcə də xarici tələbələrin təhsilinin təşkili üzrə məsul əməkdaşları və beynəlxalq tələbələr iştirak edib.
Açılış nitqi ilə çıxış edən Ülkər Səttarova elm və ali təhsilin beynəlmiləlləşməsi baxımından tədbirin məqsədini və önəmini vurğulayıb.
Azərbaycan Respublikasının Elm və Təhsil Naziri Emin Əmrullayev universitetlərimizin beynəlxalq reytinqinin yüksəldilməsi, universitetlərdə tədqiqat prosesinin stimullaşdırılması, ölkədə elmin inkişafı istiqamətində fəaliyyətin təşkili və digər məsələlərə toxunub. Daha sonra Yalçın Rəfiyev beynəlxalq tələbələrin ölkəmizdə təhsilinin ölkələrarası ictimai diplomatiya aləti kimi önəmini vurğulayıb və “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın bu prosesə verdiyi töhfəni qeyd edib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov elm və ali təhsilin beynəlmiləlləşməsi sahəsində görülən işlərə dair statistik hesabatla çıxış edib.
Tədbirin rəsmi hissəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində təhsil almaq hüququ qazanmış xarici tələbələrə təqaüd sertifikatlarının təqdim olunması ilə başa çatıb.
Tədbir "Elmi universitetə necə gətirməli?" və "Ali təhsilin beynəlmiləlləşməsi" mövzuları üzrə panel sessiyalarla davam edib.
Sonda beynəlxalq tələbələrlə iş üzrə fərqlənən bir neçə elm və ali təhsil müəssisəsi, eləcə də akademik göstəriciləri, ictimai fəallığı və elmi məqalələrin dərci doktorantura sahəsində fərqlənən xarici tələbələr təltif edilib.
Qeyd edək ki, Naxçıvan Dövlət Universitetində “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” ilə təhsil alan Ruanda, Banqladeş və Tanzaniya vətəndaşı olan tələbələrə təqaüd sertifikatları təqdim olunub.
“Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi” sahəsində fəaliyyətlərində fərqləndiyinə görə bir neçə ATM, o cümlədən Naxçıvan Dövlət Universiteti təşəkkürnamə və mükafatla təltif olunub.