Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ev sahibliyi ilə Naxçıvan Dövlət Universitetinin də tərəfdaşı olduğu II Təhsil Menecerləri Forumu keçirilib

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Pedaqoji Universitetdə 400-dən çox iştirakçının qatıldığı II Təhsil Menecerləri Forumunun panel sessiyasında çıxış edib.

Forumun əsas mövzusu təhsildə idarəetmə, rəqəmsal transformasiya və ekoloji məsuliyyətin müzakirəsi olub.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov vurğulayıb ki, biz bu gün təkcə təhsildəki dəyişiklikləri əks etdirmək üçün deyil, həm də gələcək nəsilləri qlobal vətəndaşlıq və milli inkişaf üçün zəruri olan bacarıq və dəyərlərlə təchiz etmək üçün innovativ yolları araşdırmaq üçün toplaşmışıq. Bizim qarşımızda tənqidi təfəkkür, innovasiya və ömür boyu öyrənməni təşviq edən bir sistem qurmaq dayanır. Bu sistem həm qlobal tendensiyalara, həm də xalqlarımızın mədəni mahiyyətinə uyğun olmalıdır.

Tədbirə qatılan xarici və yerli spikerlər, o cümlədən Türkiyənin Boğaziçi Universitetinin Təhsil fakültəsinin dekanı professor İrfan Ərdoğan, “Educo Group”un direktoru Ərcümənd Özayan, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və başqaları panel müzakirələrində iştirak ediblər.

Forumda NDU-nun rektoru Elbrus İsayev “Təcrübədə innovativ idarəetmə” mövzusunda keçirilən paneldə qonaq qismində çıxış edib. Panel iştirakçılar arasında təhsil sahəsindəki problemlər və onların həlli yolları geniş müzakirə edilib, praktik tövsiyələr verilib.

Qeyd edək ki, forumun media dəstəkçiləri Azərbaycan Televiziya və Radio Verilişləri QSC (AZTV) və “Səs” İnformasiya Agentliyidir. Tədbirin rəsmi tərəfdaşları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Naxçıvan Dövlət Universiteti, tərəfdaşları MÜSİAD Azərbaycan, “ELTA”, “XAN” nəşriyyatı, informasiya tərəfdaşları “Ustad” ədəbiyyat və sənət dərgisi, “azedu.az” və “http://xn--snt-dtbb.az/” saytları, sponsorları “iTech”, “alba” və “SİNKOD” şirkətləridir.