Naxçıvan Dövlət Universiteti (NDU) 2025-ci il üçün AD Scientific Index reytinqində Azərbaycan Universitetləri arasında 2-ci yeri tutaraq böyük bir uğura imza atmışdır. Bu nailiyyət universitetin elmi fəaliyyətinin və tədqiqat sahəsindəki yüksək səviyyəsinin beynəlxalq aləmdə tanınması baxımından xüsusi əhəmiyyət kəsb edir.
AD Scientific Index (Alper-Döger Elmi İndeksi) alimlərin və elmi müəssisələrin elmi fəaliyyətini qiymətləndirən müstəqil, beynəlxalq reytinq sistemidir. Bu indeks alimlərin məhsuldarlığını və elmi təsirini h-indeksi, i10 indeksi və sitat sayı kimi göstəricilər əsasında təhlil edir. AD Scientific Index 219 ölkədə 24.302 müəssisə və 2.400.144 alimi 13 əsas elmi sahə və 197 fənn üzrə qiymətləndirir.
Bu indeksin əsas xüsusiyyəti alimlərin ümumi və son altı illik elmi fəaliyyətini ayrı-ayrılıqda təhlil etməsidir. Bu yanaşma həm tarixi təsiri, həm də son dövrdəki elmi məhsuldarlığı dəqiq qiymətləndirməyə imkan verir. Bundan əlavə, AD Scientific Index müxtəlif elmi sahələr, müəssisələr və ölkələr üzrə alimləri sıralayır və dərin təhlillər təqdim edir ki, bu da qlobal elmi icmanın inkişafını izləmək və tendensiyaları müəyyən etmək üçün vacibdir.
Naxçıvan Dövlət Universitetinin AD Scientific Index-də Azərbaycan üzrə 2-ci yeri tutması, universitetin həm yerli, həm də beynəlxalq səviyyədə nüfuzunun artdığını göstərir.