Görüşdə onlayn iştirak edən Naxçıvan Dövlət Universitetinin İqtisadi məsələlər üzrə Rektor müşaviri Ülvi Baxışlı, İqtisadiyyat fakültəsinin dekanı Əşrəf Ələkbərov, Maliyyə şöbəsinin müdiri, baş mühasib Səfəralı Abdullayev, “Mühasibat uçotu və maliyyə” kafedrasının müdiri Teymur Abbasov və həmin kafedranın iqtisad üzrə fəlsəfə doktoru Mehriban İmanova “ACCA Global”ın bazarın inkişafı üzrə meneceri Senem Ross-Forrester ilə əməkdaşlıq müzakirələrinə dair görüş keçiriblər.
Görüşdə Naxçıvan Dövlət Universiteti ilə "ACCA" arasında potensial əməkdaşlıq imkanları, xüsusilə mühasibat və maliyyə ixtisaslarının "ACCA" proqramları üzrə azadolma akkreditasiyası məsələləri müzakirə edilib.
Bu strateji əməkdaşlıq tələbələrə maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun təhsil almaq, beynəlxalq sertifikatlara sahib olmaq və peşəkar inkişaflarını sürətləndirmək üçün geniş imkanlar yaradacaq.
Naxçıvan Dövlət Universiteti bu əməkdaşlıq çərçivəsində beynəlxalq səviyyədə rəqabət qabiliyyətini daha da artırmağı və tələbələrinə geniş karyera imkanları yaratmağı hədəfləyir.
Qeyd edək ki, 1904-cü ildə Britaniyada təsis edilən "ACCA Global" (Association of Chartered Certified Accountants) beynəlxalq maliyyə və mühasibatlıq sahəsində fəaliyyət göstərən şirkətdir.