Naxçıvan Dövlət Universiteti ilə “Codelandia” Tədris Mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

Görüş zamanı süni intellektin tibbdə tətbiqi, Tibb fakültəsi və Texnoparklarda rezident şirkət kimi fəaliyyət göstərilməsi, “Codelandia” Tədris Mərkəzi tərəfindən təlim və təlimçilərlə təmin edilməsi, həmçinin xaricdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin professorlarının Naxçıvan Dövlət Universitetinə cəlb edilməsi məsələləri müzakirə olunub. Bundan başqa, seminarların təşkili, ortaq layihələr və digər əməkdaşlıq perspektivləri də diqqət mərkəzində olub.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev görüşdə qeyd edib ki, NDU regionda informasiya texnologiyaları sahəsində ixtisaslı kadr hazırlığına xüsusi əhəmiyyət verir. Bu istiqamətdə “Codelandia” Tədris Mərkəzi ilə əməkdaşlıq universitetin beynəlxalq standartlara uyğun kadr hazırlığına töhfə verəcək.

“Codelandia” Tədris Mərkəzinin direktoru Günel Cənnətova çıxışında bu əməkdaşlığın həm tələbələrin inkişafı, həm də tədris proqramlarının müasirləşdirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb. O bildirib ki, mərkəz Naxçıvan Dövlət Universiteti ilə birgə fəaliyyət çərçivəsində təcrübə mübadiləsi və peşəkar təlimlərin təşkili üçün tam dəstək verməyə hazırdır.