Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

NDU-nun rektoru Elbrus İsayev və strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli Finlandiyada işgüzar səfərdədirlər. Səfər zamanı Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədovun dəstəyi ilə Helsinki Universitetində görüşlər keçirilib.

Görüşlərdə iki universitet arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib, süni intellek, proqramlaşdırma, sənaye əlaqələrinin təkmilləşdirilməsi, birgə tədqiqatların aparılması, akademik heyətin mübadiləsi, onlayn təlimlərin keçirilməsi sahəsində ilkin razılıqlar əldə olunub. Süni intellekt və proqramlaşdırma üzrə əldə edilən razılığa əsasən bu sahədə IBM təlimlərində iştirak edən komanda üzvlərinin təcrübələrindən proqram mühəndisliyi institutunun qurulmasında istifadə etmək nəzərdə tutulub.

Nəzərinizə çatdıraq ki, dünya universitetləri sıralamasında 70-ci yerdə qərarlaşan, Finlandiyanın ən öndə gedən ali təhsil müəssisəsi olan Helsinki Universiteti   1640-cı ildə yaradılıb. Helsinki Universiteti Avropanın aparıcı tədqiqat universitetləri ilə əməkdaşlıq edən Avropa Tədqiqat Universitetləri Liqasının üzvüdür. Güclü beynəlxalq əlaqələrə malik Helsinki Universitetinin müxtəlif qitələrdəki ali təhsil müəssisəsləri ilə 80 əməkdaşlıq müqaviləsi var.

Qeyd edək ki, səfər, Naxçıvan Dövlət Universiteti ilə Helsinki Universiteti arasında strateji əməkdaşlığın yaradılması və zəruri olan əməkdaşlıq sahələrinin müəyyən edilməsində xüsusi rol oynayacaq. İki universitet arasındakı yaradılacaq iş birliyi, bilik və təcrübə mübadiləsi tədqiqat sahəsində inkişafı dəstəkləyəcək, hər iki universitetin təhsil sisteminə yeniliklər qazandıracaq.