Naxçıvan Dövlət Universiteti ilə İstanbul Texniki Universiteti arasında akademik əməkdaşlıq çərçivəsində beynəlxalq mobillik həyata keçirilib

Naxçıvan Dövlət Universiteti ilə İstanbul Texniki Universiteti arasında bağlanmış əməkdaşlıq müqaviləsi əsasında, akademik mobillik proqramı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, NDU-nun Musiqinin Tarixi və Nəzəriyyəsi kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova İTÜ-nün Türk Musiqisi Dövlət Konservatoriyasını ziyarət ediblər.

Səfər çərçivəsində Günay Məmmədova bakalavriat və magistratura səviyyəsində tədris olunan bir sıra dərslərdə iştirak edərək, təhsil prosesini yaxından izləmə imkanı əldə edib. O, xüsusilə “Muğam Nəzəriyyəsi,” “Musiqi Tarixi,” “Musiqi Nəzəriyyəsi,” “Orqanologiyaya Giriş” və “Bəstəkarlıq” kimi fənlərin tədrisinə müşahidəçi qismində qatılıb. Bununla yanaşı, Musiqişünaslıq və Musiqi Nəzəriyyəsi üzrə doktorantura proqramlarının müdafiə prosesini izləyərək, elmi işlərin təqdimatı və qiymətləndirilməsi mərhələlərində iştirak edib.

Günay Məmmədova Türk Musiqisi Dövlət Konservatoriyasının tələbə və müəllim heyəti ilə səmərəli elmi-pedaqoji müzakirələr aparıb, Azərbaycan və Türkiyə musiqi mədəniyyətləri arasındakı ortaq dəyərlər və tədris metodologiyaları ilə bağlı fikir mübadiləsi edib. Mobillik müddətində konservatoriyanın rəhbərliyi – TMDK müdiri Prof. Dr. Gözde Çolakoğlu Sarı, müdir müavinləri Prof. Dr. Atilla Coşkun Toksoy və Prof. Eyüp Uzunkaya ilə də bir sıra görüşlər keçirilib. Bu görüşlər zamanı iki universitet arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və akademik proqramların qarşılıqlı uyğunlaşdırılması məsələləri müzakirə edilib, musiqi təhsili sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədilə birgə konfranslar, elmi-tədqiqat layihələri və tələbə mobilliyi proqramlarının artırılması kimi istiqamətlər müəyyənləşdirilib.