Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli Finlandiyanın ən böyük tətbiqi elmlər universiteti olan Metropolia Universitetində olublar.
Universitetin Prezident CEO-su Riitta Konkola ilə keçirilən görüşdə ortaq konfransların keçirilməsi, tələbə-müəllim mobilliyi, tibb sahəsində birgə tədqiqat mərkəzlərinin yaradılması, tədqiqat qrupunun formalaşdırılması və Azərbaycanla Finlandiya adından birgə tədqiqatların həyata keçirilməsi üzrə ilkin razılıq əldə olunub. Eyni zamanda görüşdə Metropolia Universitetinin virtual tibbi laboratoriyalarında Naxçıvan Dövlət Universiteti ilə birlikdə ortaq tədqiqatların aparılması da nəzərdə tutulub. Müzakirələr zamanı bakalavriat və magistratura pilləsində təhsil alan tələbələrin mobilliyi üzrə razılığa gəlinib. Belə ki, qısamüddətli ikili müqavilə əsasında tələbələr mobillik proqramından yararlana biləcəklər.
Sonda rektor Elbrus İsayev Riitta Konkolaya əməkdaşlıq əlaqalərinin dinamik şəkildə inkişaf edəcəyini bildirərək xoş qarşılanmaya görə təşəkkür edib.
Məlumat üçün onu da qeyd edək ki, Finlandiyanın ən böyük tətbiqi elmlər universiteti olan Metropolia Tətbiqi Elmlər Universiteti Biznes, Texnologiya, Mədəniyyət, Səhiyyə və Sosial Xidmətlər sahələrində gələcək mütəxəssisləri yetişdirir.